RƏŞID BEHBUDOV FENOMENI (ARDI)
Kamil ŞAHVERDIYEV
 


       1962-ci ilin yazında Irandan qayıdan Rəşid Behbudov bəstəkar Rauf Hacıyevin «Romeo mənim qonşumdur» operettasının ekranlaşdırılmasında iştirak edir.
       Sənətkar bu əsərdə əsas partiyanı ifa edir. Eyniadlı filmdə səslənən bir çox mahnılar «Romeo mənim qonşumdur» filmi ekranlara çıxan kimi tamaşaçılar tərəfindən hərarətlə qarşılanmış və hətta bu günə qədər öz təravətini itirmir. «Sevgilim», «Bakı» mahnıları Rəşid Behbudovun ifasında qızıl fonda daxil olmuş, istər bəstəkara, istərsə də müğənniyə böyük şöhrət gətirmişdir. Həmin mahnılar bu gün də Azərbaycanda ən populyar, ən sevilən və heç zaman unudulmayan mahnılardır.
       Həmin il martın sonunda görkəmli sənətkar SSRI Bəstəkarlar Ittifaqının III Ümumittifaq Qurultayına nümayəndə kimi dəvət olunur. Qurultay çərçivəsində təşkil olunmuş bütün konsertlərdə iştirak edən Rəşid Behbudov Azərbaycan bəstəkarlarının yazdıqları yeni vokal əsərləri yüksək səviyyədə ifa edir. SSRI Bəstəkarlar Ittifaqının sədri T.Xrennikov sənətkara yazdığı məktubda qeyd edir: «SSRI Bəstəkarlar Ittifaqının katibliyi Sizə SSRI Bəstəkarlar Ittifaqının III Ümumititfaq qurultayının konsertlərində iştirak etdiyinizə görə dərin təşəkkürünü bildirir. Sizin tükənməz istedadınız və parlaq sənətkarlığınız bəstəkarlarımızın yeni əsərlərinin qurultayın konsertlərində yüksək səviyyədə və tammiqyaslı ifasını təmin etdi...».
       Moskvadan, SSRI Bəstəkarlar Ittifaqının III qurultayından Bakıya qayıdan Rəşid Behbudov tezliklə Rumıniyaya səfərə yola düşür. Qeyd etməliyəm ki, Rumıniya ilə Azərbaycan Respublikası arasında ikinci dünya müharibəsindən sonra möhkəm iqitsadi, ticari və mədəni əlaqələr mövcud idi. Qəhrəman Bakı neftçiləri Rumıniyada Ployeşti neftçiləri ilə tez-tez görüşür və qazandıqları təcrübələrini onlarla bölüşürdülər. Mədəniyyət sahəsində də xalqlarımız arasında geniş əlaqələr yaranmışdı. Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Fikrət Əmirovun əsərləri rumın dinləyiciləri tərəfindən yüksək qiymətləndirilir və sevilirdi. Xüsusilə də «Arşın mal alan» filmi 15 ilə yaxın bir müddətdə bu ölkədə təkrar-təkrar ekranlarda göstərilirdi. Buxarest teatrı «Arşın mal alan»ı bir neçə dəfə səhnələşdirmişdi. Ona görə də bu ölkədə çox sevilən filmin baş qəhrəmanı – Tacir Əsgərin rolunu məharətlə ifa edən görkəmli sənətkar Rəşid Behbudovun yolunu səbirsizliklə gözləyirdilər. Buxarestdə böyük təmtəraqla qarşılanan müğənni elə ilk gündən Rumıniyada sonsuz sevgi və ehtirama malik olduğunun şahidi olur. 10 gün davam edən səfər zamanı Rəşid Behbudov Buxarestdə 7 konsert verir. Eyni zamanda o Buxarest radiosunda 30-dan artıq mahnını lentə alır. Bu mahnıların arasında Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları ilə yanaşı Rumın mahnıları da var idi. Rəşid Behbudovun verdiyi bütün konsertlər yüksək səviyyədə keçərək müğənninin bu ölkədə şöhrətini daha da artırdı. Dinləyicilər böyük sənətkarın ifa etdiyi bütün mahnıları sürəkli alqışlarla qarşılayırdılar, onu səhnədən buraxmaq istəmirdilər. Xüsusilə Rəşid Behbudov bu ölkədə çox məşhur olan və sevilən Rumın xalq mahnısı «Bütün günahlara bais sənin gözlərindir, Mariya» mahnısını ifa edərkən zaldakılar vəcdə gələrək 15 dəqiqə sənətkarı ayaq üstə alqışlayırlar.
       1963-cü ildə Azərbaycanda səfərdə olan Rumıniya ilə SSRI arasında dostluq əlaqələri cəmiyyətinin sədri, Babeş adına Kluj universitetinin prorektoru Aleksandru Roşka «Kommunist» qəzetinə verdiyi müsahibədə bildirirdi:
        «... Maraqla qeyd etməliyəm ki, Rumıniyanın hər bir kuşəsində SSRI xalq artisti Rəşid Behbudovun ifasında Azərbaycan mahnıları səslənir və sevilir. Bu mahnıların lent yazıları Buxarest radiosu ilə tez-tez efirdə səslənir...»
       Rumıniyadan qayıtdıqdan sonra Rəşid Behbudov Tula silah zavodunun 250 illiyinə həsr olunmuş Ümumittifaq incəsənət bayramına dəvət olunur. Bir neçə gün davam edən bayramda müğənni müxtəlif proqramlarla çıxış edir. Şəhər zəhmətkeşləri ilə, Tula silah zavodunun əmək kollektivi ilə maraqlı görüşlər keçirir. Görkəmli sənətkar Tuladan birbaşa Kubana gedir. Burada neçə ildən bəri Rəşid Behbudov sənətinin pərəstişkarları onun yolunu səbirsizliklə gözləyirdilər. Nəhayət, o, Kubandakı pərəstişkarları ilə də görüşmək imkanı əldə edir. Rəşid Kubanda, daha doğrusu Krasnodar şəhərində bir neçə konsert verməyi planlaşdırır. Onun ilk konserti Krasnodar filarmoniyasında keçir. Həmin gün filarmoniyanın ətrafında minlərlə insan konsertə bilet əldə etmək ümidi ilə toplaşmışdı. Ən maraqlı odur ki, bu insanlar bilet əldə edə bilməsələr də, konsertin sonuna qədər gözləmiş, hətta konsert bitdikdən sonra belə, uzun müddət dağılışmamışlar. Onlar konsertə baxa bilməsələr də heç olmasa Rəşid Behbudovu yaxından görmək arzusu nda idilər. Nəhayət, müğənni filarmoniyadan çıxarkən gecə saat 12-yə az qalmasına baxmayaraq on minlərlə insanın ətrafda durduğunu görür. O binadan çıxar-çıxmaz ətrafı alqış sədaları bürüyür. Rəşid sənətinin pərəstişkarları sevimli kumiri fasiləsiz, heyrətlə, məhəbbətlə alqışlayırlar. Bu mənzərədən təsirlənən müğənni konsertdən sonra onun şərəfinə ziyafət verən şəhər rəhbərliyinə bildirir ki, sabahkı konserti filarmoniyada deyil, 25 minlik şəhər stadionunda təşkil etsinlər. Çünki onu dinləmək istəyənlərin hamısını filarmoniyanın zalına toplamaq mümkün deyil. Vaxt da çox azdır. Kubandan sonra o, Bakıya dönməli və bir neçə gündən sonra Moldovaya getməlidir. Şəhər rəhbərliyi bu təklifi sevinclə qarşılayır və 3 gün stadionda Rəşidin konserti təşkil olunur. Bu konsertlər çox böyük uğurla keçir və yerli mətbuat konsertləri geniş işıqlandırır.
       1962-ci ilin may ayında Rəşid Behbudov Moldovanın paytaxtı Kişinyova yola düşür. Kişinyovda sevimli müğənnini yüksək səviyyədə qarşılayırlar. Konsertlər çox böyük uğurla keçir. Sənətkar Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, dünya xalqlarının mahnılarından ibarət maraqlı, rəngarəng proqramlarla çıxış edir. Sonuncu gün isə Moldova səfərinin kulminasiya nöqtəsi olur. Kişinyov Dövlət opera və balet teatrında təşkil olunan son konsertin başlanmasına bir neçə saat qalmış tamaşaçılar zalda yerlərini tutmağa başlayırlar. Nəhayət konsertin başlandığına işarə verilir. Zalda işıqlar söndürülür. Zülmət qaranlıqda tamaşaçılar nəfəslərini dərib gözlərini görünməz səhnəyə zilləyirlər. Qısa bir müddətdən sonra işıqlar yandırılır və pərdə açılır. Zalda uğultu başlanır və bu uğultu getdikcə güclənir. Uğultu şiddətli alqışlara keçir. Tamaşaçılar müxtəlif vasitələrlə heyrətlərini ifadə edirlər. Bir anın içində bütün zal ayağa qalxır və uzun müddət (konsert anlamında) insanlar ayaq üstə sevimli müğənnini alq ışlayırlar. Çünki onlar səhnədə gördüklərini heç cür ağıllarına belə gətirə bilməzdilər. Rəşid Moldav milli geyimində əllərini açaraq səhnənin tən ortasında dayanaraq tamaşaçılara səmimi alqışlarına görə təşəkkürünü bildirirdi. Rəşidi müşayiət etmək üçün isə səhnədə, onun arxasında Moldav xalq çalğı alətləri ansamblı düzülmüşdü. Ansamblın üzvləri də milli geyimdə idi. Konsert başlayır. Rəşid Moldav xalq mahnıları ilə Azərbaycan mahnılarından ibarət olduqca maraqlı repertuarla çıxış edir. Bu konsert əsil bayrama çevrilir. 1962-ci il 10 may tarixli «Sovetskaya Moldaviya» qəzeti yazırdı:
        «...Bu qeyri-adi bir musiqili gecə idi. Həmin gecə sanki iki qardaş xalqın – Azərbaycan və Moldaviya xalqları dostluğunun nümayiş gecəsi idi. Unudulmaz gecənin qəlbi isə Rəşid Behbudov idi...».
       Hər yayda olduğu kimi, Rəşid 1962-ci ilin yayında da doğma Azərbaycanın bir çox rayonlarına səfərə çıxır. Gəncə, Xanlar, Əli-Bayramlı, Ağdaş, Göyçay, Mingəçevir və başqa rayonlarda o doğma xalqı ilə çoxlu sayda görüşlər keçirir, elə torpaqlarda, müəssisələrdəcə zəhmətkeşlər üçün konsertlər verir. Bütün dünyanı gəzən müğənni öz xalqını, Azərbaycan tamaşaçılarını heç zaman unutmur və demək olar ki, hər yay bir neçə rayonda saysız-hesabsız konsertlər verir. Ən maraqlısı budur ki, dünyanın ən gözəl, ən məşhur, ən elitar səhnələrində misli görünməmiş uğurla konsertlər verən sənətkar Azərbaycanın rayonlarında doğma xalqı ilə görüşmək üçün ən ağlasığmaz imkanlardan istifadə edirdi. O, pambıq tarlalarında, üzüm, çay plantasiyalarında yük maşınlarının üzərində ekspromt səhnələr qurdurur və elə tarladaca konsertlər verirdi. Çünki xalqın sevimli sənətkarı, əsil xalq artisti çox gözəl bilirdi ki, sadə, əməksevər kənd camaatı ağır iş günündən sonra rayon mərkəzinə gəlib onun konsertinə qulaq asa bilməyəcək. On a görə də o özü xalqın hüzuruna gedir və birbaşa iş yerlərində camaatla görüşürdü. Eyni ilə zavod və fabriklərdə. Neft daşlarında olduğu kimi. Əlbəttə ki, bütün bunlar Rəşidin xalqına sevgisinin, məhəbbətinin parlaq nümunəsi idi.
       Azərbaycanın rayonlarında keçirdiyi saysız-hesabsız görüşlərdən sonra Rəşid Moskvada, Kremldə konsertə hazırlaşır. Moskvada verilən konsertlər də artıq ənənəvi xarakter daşıyırdı. Çünki, görkəmli sənətkar demək olar ki, hər il Moskvada, Sankt-Peterburqda (Leninqrad) və keçmiş SSRI-nin başqa mərkəzi şəhərlərində geniş konsert proqramı ilə çıxış edirdi. Bu konsertlərdə Azərbaycan bəstəkarlarının yeni mahnılarını məharətlə ifa edərək olduqca geniş dinləyici auditoriyasını Vətəninin mədəniyyəti, incəsənəti, musiqisi ilə yaxından tanış edirdi. Beləliklə, Rəşid Behbudov Azərbaycan musiqisinin təbliğində misilsiz xidmətlər göstərməklə yanaşı bəstəkarlarımızın yaradıcılığının, mahnı janrının inkişafına əvəzsiz təkanlar verirdi.

       Kremldə keçən yüksək səviyyəli konsertlərdən sonra Rəşid Behbudov 1962-ci ildə M.Ə.Sabirin 100, M.F.Axundovun 150 illik yubileylərində də yaxından iştirak edir. Bu yubileylər həm Bakıda, həm də Moskvada dövlət səviyyəsində qeyd olunmuşdu.
       Ümumiyyətlə, istər Azərbaycanda, istər Moskvada, istərsə də keçmiş SSRI-nin digər respublikalarında keçirilən dövlət tədbirlərinin hamısında Rəşid Behbudov iştirak edirdi. Onun yaradıcılıq bioqrafiyası olduqca zəngin idi. 1962-ci ilin sonunda Moskva zəhmətkeşlərinin xahişi ilə sevimli sənətkar Kremlin qurultaylar sarayında 2 konsertlə çıxış edir. Bu konsertlər də çox böyük uğurla keçir.
       Rəşid Behbudovun həyat və yaradıcılığına həsr olunan bu yazıda bir çox faktlar və hadisələr ilk dəfə olaraq çap olunur. Ümumiyyətlə, ölməz sənətkarın çoxşaxəli yaradıcılığını, saysı-hesabsız xarici səfərlərini, müxtəlif ölkələrdə verdiyi konsertləri, keçirdiyi görüşləri qələmə almaq qeyri-mümkündür. Mən çalışıram ki, qüdrətli musiqi korifeyimizin həyatında, yaradıcılığında baş verən hadisələrin daha önəmlisini xronoloji qaydada istəkli oxuculara çatdıram. Çünki bu hadisələr Azərbaycan mədəniyyətinin parlaq səhifələri olmaqla yanaşı eyni zamanda bir örnək kimi nəsillərə nümunədir. Əfsuslar olsun ki, bu günə qədər dahi, ustad sənətkarın həyat və yaradıcılığı, səhnə fəaliyyəti geniş işıqlandırılmamışdır. Ona görə də çalışıram ki, bu yazıda xronoloji ardıcıllığa nəzarət edərək Vətənimizi, onun mədəniyyətini, incəsənətini ilk dəfə olaraq bütün dünyada tanıdan, sevdirən ölməz sənətkarın fəaliyyətini qismən də olsa işıqlandırım.
       Apardığım araşdırmalar zamanı 1962-ci ildə çap olunan «Polşa» curnalında bir məqalə diqqətimi cəlb etdi. Stanislav Yanitskinin yazdığı bu məqalə «Arşın mal alan» Polşa səhnəsində» adlanır. Məqalənin izi ilə mən Azərbaycan-Polşa mədəni əlaqələrinə dair olduqca maraqlı faktlar əldə etdim. Məşhur Polşa dramaturqu S.Povolotskinin xatirələri isə mədəniyyət tariximiz üçün çox qiymətli faktlarla zəngindir. Ona görə də əldə etdiyim nadir məlumatları istəkli oxucularla bölüşmək istəyirəm.
       Tanınmış Polşa jurnalisti Stanislav Yanitski öz məqaləsində yazır:
        «Polşa xalqı Azərbaycanı neft və pambıq ölkəsi kimi tanıyırdı. Son zamanlara qədər bu respublikanın mədəniyyəti, incəsənəti, ədəbiyyatı haqqında biz yalnız ümumi anlayışlara malik idik.
       Müharibədən sonrakı ilk illərdə (II Dünya müharibəsi nəzərdə tutulur – K.Ş.) Polşa tamaşaçıları Üzeyir Hacıbəyovun gözəl, təkrarolunmaz «Arşın mal alan» musiqili komediyası ilə tanış olmaq imkanı əldə etdilər. (Məqalə müəllifi 1945-ci ildə çəkilmiş və Rəşid Behbudovun Əsgər rolunda oynadığı məşhur «Arşın mal alan» filmini nəzərdə tutur. Bu film ekranlara çıxdığı andan ildırım sürəti ilə bütün dünyaya yayıldı. Əldə etdiyimiz statistik məlumatlara görə, «Arşın mal alan» filmi 136 ölkədə müqayisəolunmaz şöhrət qazanmışdı – K.Ş. Sadə, təmiz yumor, dərin həyati, həqiqətəuyğun material, musiqinin sehirli melodiyası bu komediyanı ən sevimli əsərə çevirib).
        «Arşın mal alan» komediyasına ən uğurlu quruluşu «Mazovetski Teatrı» vermişdi. Bu teatr tez-tez Polşanın şəhər və kəndlərinə qastrola çıxır. Teatrın rejissoru və bədii rəhbəri Vanda Vrublyovska əsərin yüksək səviyyəsi və keyfiyyətlərini hərarətlə qeyd edərək quruluşun qazandığı əlçatmaz uğurları haqqında söhbət açır.
       Vrublyovska ilk dəfə bu əsərə 1958-ci ildə quruluş verib. «Çadra altında qız» adı ilə səhnələşdirilən «Arşın mal alan» komediyası aramsız olaraq «Mazovetski Teatrı»nda 90 dəfə oynanılmış və əsərə 30 min tamaşaçı baxmışdır. Bu il (1962-ci il – K.Ş.) teatr yenidən həmin quruluşu bərpa edib və yaxın günlərdə tamaşaçılar ölməz əsərə baxa biləcəklər...»
       Məqalədən göründüyü kimi, dahi Üzeyir bəyin «Arşın al alan»ı Polşada olduqca populyar və sevilən bir əsərdir. Jurnalın ötən saylarında çap olunan yazının əvvəlki hissələrində, daha doğrusu «Arşın mal alan ulduzu» bölməsində Rəşid Behbudovun «Arşın mal alan» filmində baş rolda çəkilməsi haqqında, bu filmin bütün dünyaya yayılması haqqında geniş məlumat verilib. Lakin bu mövzu o qədər geniş, maraqlı, tarixi faktlarla zəngindir ki, bütün məlumatları bir məqalədə işıqlandırmaq imkan xaricindədir. Bir danılmaz həqiqətdir ki, Rəşid Behbudovun həyatında, taleyində «Arşın mal alan» demək olar ki, «Bəxt ulduzu» rolunu oynamışdı. Eyni zamanda ölməz sənətkar öz «bəxt ulduzunu» – yəni «Arşın mal alanı» bütün dünyada ən yüksək səviyyədə təbliğ etməkdən yorulmurdu.
       O, xarici ölkələrə səfəri zamanı konsertlərində mütləq «Arşın mal alan»dan bir neçə ariya və mahnıları həmin xalqın dilində ifa edərdi. Əsər haqqında geniş məlumat verərdi. Olduğu ölkədə rejissorları, musiqi xadimlərini bu əsərlə yaxından tanış edərdi. Bir sözlə, Rəşid Üzeyir bəyin ölməz əsərinin qızğın təbliğatçısı idi. Bunun nəticəsi kimi, yəni Rəşid Behbudovun təbliğatı sayəsində «Arşın mal alan» Çində Çin dilində, Polşada Polyak dilində, Bolqarıstanda Bolqar dilində, Macarıstanda Macar dilində, Çexoslovakiyada Çex dilində və s. səhnələşdirilirdi. Halhazırda «Rəşid Behbudov Fondu» bu məlumatları və buna aid olan materialları toplamaqla məşğuldur. Mədəniyyət tariximiz üçün qiymətsiz olan bu materiallardan birini – tanınmış Polşa dramaturqu S.Povolotskinin 1969-cu ildə «Bakı» qəzetindəki «Arşın mal alan» Polşada» məqaləsindən bəzi hissələri istəkli oxucuların diqqətinə təqdim edirik: «Azərbaycan bəstəkarlarının musiqisi bütün dünyada, eləcə də mənim doğma Polşamda həmişə məhəbbətlə dinlənili r. Mən konkret olaraq, sözün əsl mənasında, dahi bəstəkar sayılan Üzeyir Hacıbəyovun «Arşın mal alan» musiqili komediyasından danışmaq istəyirəm. Polşa tamaşaçıları on beş ildir ki, bu məşhur komediya ilə tanışdırlar. On beş ildir ki, Üzeyir Hacıbəyovun həmişə təravətli, həmişə müasir səslənən, son dərəcə lirik və oynaq, Şərq koloriti ilə zəngin musiqisi Polşa səhnələrinin ən sevilən sakininə çevrilmişdir.
       Mən ilk dəfə Əsgərin ariyasını sizin məşhur müğənniniz Rəşid Behbudovun ifasında eşitmişəm. Valeh olmuşam. Rəşid Behbudovla görüşəndə, o mənə «Arşın mal alan» operettası haqqında geniş danışdı. Sonra mən həmin əsərin fədakar təbliğatçısına çevrildim.
       Belə gözəl bir söz var: incəsənət qurbansız olmur. Bu kəlam böyük məhəbbət mənasında deyilmişdir. Istedadlı əsər harda olursa-olsun insanların ürəyini fəth edir, insan o əsəri bütün varlığı ilə sevir.
       Mən istər R.Behbudovun söhbətindən, istərsə də komediyanın rus mətnindən gördüm ki, Üzeyir Hacıbəyov təkcə böyük bəstəkar deyil, həm də böyük komediya-nəvisdir. Onun bənzərsiz obrazları, incə, təbii yumoru, həyata nikbin baxışı hamını valeh edir.
       Mən də valeh olaraq, ürəyimin bütün məhəbbətini verərək dahi Üzeyir Hacıbəyovun tərcüməçisinə çevrilmişəm. Bəli, bu gün fəxr edirəm ki, «Arşın mal alan» komediyasının polyak dilinə ilk tərcüməçisi mən olmuşam.
        «Arşın mal alan» musiqili komediyası mənim tərcüməmdə ilk dəfə 1954-cü ildə A.Venqerska adına Belostok Dövlət Teatrında tamaşaya qoyulmuşdur. Sonra öyrənəndə ki, bu, polyak səhnəsində ilk Azərbaycan pyesidir, sevincim ikiqat artdı. Deməli, mən Azərbaycan dramaturgiyasından Polşa səhnəsinə əsər gəlməsinin ilk təşəbbüskarıyam. Mən ilk körpüsalanam.
        «Arşın mal alan» əsərini o vaxt səhnədə görkəmli səhnə xadimimiz Yevgeni Poreda canlandırdı. Yevgeni Poreda həm teatrın baş rejissoru, həm də direktoru idi. Gülçöhrə rolunu o dövrün ən məşhur aktrisası S.Voloşina oynadı. Bundan əlavə, teatrın ən güclü aktyorları «Arşın mal alan» komediyasının tamaşasına cəlb edilmişdilər

       Yadımdadır, məşqlərdən əvvəl Y.Poredanın xahişi ilə mən yaradıcı kollektivə Üzeyir Hacıbəyov və onun vətəni Azərbaycan haqqında bildiklərimi danışdım. Mən «Arşın mal alan»ı tərcümə edərkən sizin respublikanız, xalqınız, xalq sənətiniz barədə ədəbiyyat yığmışdım. Xeyli oxumuşdum. Xüsusən Azərbaycan xalqının koloritli adət və ənənələri obrazları səciyyələndirmək üçün çox lazım idi. Teatrın foyesində «Azərbaycan» adlı foto sərgisi açdıq. Burada Sovet Azərbaycanının memarlıq abidələrinə və mədəniyyət yeniliklərinə daha geniş yer verilmişdi. Sonralar «Arşın mal alan» komediyasını tamaşaya hazırlayan başqa teatrlar, hətta, bukletlər də buraxdılar. «Arşın mal alan» Polşanın Varşava, Poznan, Olştın, Qnezno, Belsko-Byalı və başqa şəhərlərinin səhnələrində müvəffəqiyyətlə oynanılır. Aldığım məlumata görə son bir neçə ildə «Arşın mal alan» Polşa səhnəsində 1500 dəfə oynanılmışdır. Təkcə Vrotslav şəhər teatrında 450 tamaşadan çox getmişdir.
       Onu da qeyd edim ki, «Arşın mal alan»ın televiziya tamaşasına dəfələrlə bütün Polşa baxmışdır. Bu orijinal televiziya tamaşasında Polşa səhnəsinin Irena Kvyatkovskaya və Edvard Dzevonski kimi sevimli sənətkarları iştirak etmişlər.
       On beş ildir ki, dahi Üzeyir Hacıbəyovun Tacir Əsgəri Polşa səhnələrində «Arşın mal alan» oxuyur. On beş ildir ki, Azərbaycanın saf yumoru bizə sevinc bağışlayır».
       1963-cü il də Rəşid Behbudovun yaradıcılıq bioqrafiyasında maraqlı hadisələrlə zəngin idi. Həmin ilin ilk aylarında Bakıya Kubadan, Türkiyədən, Əlcəzairdən geniş tərkibli nümayəndə heyətləri gəlir. Rəşid Behbudov SSRI ilə Xarici Ölkələr Arasında Dostluq və Mədəni Əlaqələr Cəmiyyətləri Mərkəzi Şurası Rəyasət Heyətinin üzvü kimi belə görüşlərin təşkili və keçirilməsində yaxından iştirak edirdi. Ona görə də bütün bu tədbirlərə o ciddi hazırlaşır və hər dəfə də xüsusi konsert proqramı ilə çıxış edirdi. Həmin il Bakıda Ümumdünya qadınlarının konqresi, 26 ölkə gənclərinin beynəlxalq seminarı da Rəşid Behbudovun iştirak etdiyi tədbirlərdən idi.
       Görkəmli sənətkar 1963-cü ildə 2 ay müddətində Azərbaycanın 24 rayonunda səfərə çıxır və maraqlı konsert proqramları ilə doğma xalqını sevindirir. Bu səfər zamanı onu gənc bəstəkar Vasif Adıgözəlov müşaiyət edirdi.
       Görkəmli bəstəkar Vasif Adıgözəlov 1996-cı ildə 5 fevral tarixli «Baku» qəzetində «Dahi sənətkar» adlı məqalədə Rəşid Behbudovla bağlı xatirələrini çap etdirmişdir. Sevimli bəstəkar bu məqalədə yazır: «1963-1966-cı illərdə mənə Rəşid Məcid oğlu ilə işləmək xoşbəxtliyi nəsib olmuşdu. Mən həyatda çox qüdrətli sənətkarlarla təmasda, işbirliyində olmuşam. Bunlar ilk növbədə mənim müəllimim Qara Qarayev, uzun illər yaradıcılıq dostluğunda olduğum maestro Niyazi və yaradıcılıq ünsiyyətində olduğum və bu ünsiyyətdən bir bəstəkar, bir pianoçu kimi çox faydalandığım Rəşid Behbudovdur.
       Rəşid müəllimlə ünsiyyətdə olduğum hər saat mənim qəlbimi, daxili aləmimi çox dərindən zənginləşdirirdi. Çünki, bu sənətkarın öz sənətinə münasibəti çox tələbkar, ciddi və prinsipial idi. Biz bəstəkarlar Rəşid müəllimin misli görünməmiş zəhmətsevərliyinin şahidi olmuşuq. O bir mahnı üzərində aylarla işləyərdi, sanki bu mahnı ilə yaşayar və ilhamlanardı. Bəli, bu unudulmaz günlər idi. Həqiqətən də həmin günlər bizim üçün əsil dahi ilə təmasda olduğumuz günlər idi...».
       Qeyd etməliyəm ki, məhz bu yaradıcılıq dostluğu nəticəsində Vasif Adıgözəlovun «Qızıl fonda» daxil olan bir neçə gözəl mahnısı dünyaya gəlir. «Qızıl fond»dan söz düşmüşkən istərdim ki, ölməz sənətkarın ifa etdiyi əsərləri lentə almasından bir qədər söz açam. Ümumiyyətlə, Rəşid Behbudov bu prosesə çox ciddi hazırlaşırdı. Çünki o bilirdi ki, əsər necə lentə alındısa, elə də tarixdə qalacaq. Onun səsini lentə alan sənətkarlar Adil Bəbirov, Zakir Ismayılov, Aydın Əzimov, Cavanşir Quliyev, mərhum, səs texnikası mühəndisi Salavat Axundzadə hər dəfə Rəşid Behbudovun tələbkarlığı haqqında heyrətlə sözbət açırlar. Onlar şahidi olublar ki, ölməz sənətkar bir mahnını bir neçə variantda və saysız-hesabsız dubl yazdırarmış. Sonra isə onların arasından ən uğurlusunu seçib səslənməsinə icazə verərdi. Bir faktı təəssüflə qeyd etməliyəm ki, Rəşid Behbudov ifa etdiyi bütün əsərləri lentə aldıra bilməmişdi. Çünki buna onun sadəcə olaraq vaxtı çatmamışdı. Bir çox bəstəkarlar xatırlayırlar ki, o, onların yazdıqları ç oxlu sayda əsərləri ifa edib. Hətta bu əsərlərin notları, sözləri də bu gün qorunmaqdadır. Həmin əsərlərin lent yazıları haqqında soruşduqda, onlar heyifslənərək bildirirlər ki, Rəşid müəllim bu mahnıları canlı konsertlərdə ifa edib. Əfsuslar olsun ki, həmin mahnıları o lentə aldırmağa vaxt tapmırdı. Həqiqətən də görkəmli sənətkar xarici ölkələrə, keçmiş SSRI-nin demək olar ki, bütün şəhərlərinə, dəfələrlə qarış-qarış gəzdiyi Azərbaycanın bütün rayon və şəhərlərinə o qədər səfər edirdi ki, ifa etdiyi bütün əsərləri lentə almağa zamanı çatmırdı. Lakin buna baxmayaraq, o təxmini hesablamalarımıza görə 1000-ə yaxın əsəri lentə aldırmışdı. Bir faktı da qeyd etməliyəm ki, Rəşid Behbudov getdiyi xarici ölkələrdə mütləq bir neçə Azərbaycan və həmin xalqların mahnılarını o dövlətin radiolarında lentə alırdı. Bu haqda onun yol qeydlərində məlumat verilir. Biz indi həmin ölkələrlə əlaqə yaratmağa çalışır və istəyirik ki, onlarda olan lent yazılarını ölkəmizə gətirək.
       Rəşid Behbudovun Bakıdan sonra ən çox lent yazıları Moskvada qorunur. Əldə etdiyimiz məlumata görə, bu əsərlərin sayı 400-ə yaxındır. Rusiya Dövlət səs arxivində və Rusiya Dövlət Radiosunun fondunda qorunan lent yazıları SSRI dağıldıqdan sonra Rusiyanın mülkiyyəti elan edildi. Çünki Rusiya keçmiş SSRI-nin xarici borclarını öz üzərinə götürməklə dağılan möhtəşəm imperiyanın varisi elan edildi və bu imperiyaya məxsus hər şeyə sahib çıxdı. Əqli mülkiyyətə aid olan bütün vasitələrin əsli, orcinalı SSRI –nin paytaxtı Moskvada toplandığına görə istər kino sahəsində, istər səs yazıları sahəsində, istərsə də digər sahələrdə Moskva arxivləri dünyanın ən zəngin arxivlərindən sayılır. Biz neçə ildir ki, Rusiya arxivlərində Rəşid Behbudova aid kino, audio materialları əldə etmək üçün həmin arxivlərə müraciət edirik. Lakin bizə hər dəfə bildirirlər ki, bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Yəni Azərbaycan Dövləti adından Mədəniyyət Nazirliyi rəsmi qaydada müraciət edərək həmin əsərlərin surətini ala bilər. Lakin dəfələrlə bu barədə istər mətbuatda, istərsə də əlaqədar təşkilatların qarşısında məsələ qaldırsaq da, hələ ki, bir nəticə hasil olmayıb. Ümid edirik ki, nəhayət, biz xalqımıza məxsus olan nadir arxiv materiallarını ölkəmizə gətirə biləcəyik.
       Mən Moskva arxivlərində qorunan lent yazılarından təsadüfən söz açmadım. Imkan düşdükcə Rəşid Behbudov həm Bakıda, həm də Moskvada səsini lentə aldırardı. Adətən o daha çox Moskvada səsini yazdırardı. Çünki, Moskvanın Mərkəzi Səsyazma Evi Texniki təchizat baxımından yüksək səviyyədə qurulmuşdu. Həm də Moskva Mərkəzi Səsyazma Evi vaxtaşırı Rəşid Behbudovun ifasında əsərləri lentə almağı planlaşdırır və bunun üçün xüsusi tədbirlər görürdü. Belə ki, dünyanın ən zəngin arxivlərindən birini yaradan Moskva Mərkəzi Səsyazma Evi öz fondunu Rəşid Behbudov kimi məşhur sənətkarın ifası ilə daha da zənginləşdirməkdə maraqlı idi.
       1963-cü ildə növbəti dəfə Rəşid Behbudov Moskvada, Mərkəzi Səsyazma Evində ifa etdiyi əsərləri lentə aldırmaq üçün yola düşür. Görkəmli sənətkar hər 2-3 ildən bir imkan tapıb hazırladığını lentə aldırırdı. Bu dəfə o, 3 ay müddətində Moskvada qalır və 100-dən artıq mahnını lentə aldırır. Ən maraqlısı budur ki, onu keçmiş SSRI-nin müxtəlif adlı-sanlı musiqi kollektivləri ilə yanaşı Əliağa Quliyevin idarəsi ilə Azərbaycan xalq çalğı alətləri ansamblı da bu səfərdə müşaiyət edirdi. Daha doğrusu, Rəşid Behbudov proqramı elə tərtib etmişdi ki, bir çox xalq və bəstəkar mahnılarını o xalq çalğı alətlərinin müşayiəti ilə ifa edərək lentə aldırmışdı. Bundan başqa, onu Niyazinin idarəsi ilə Ümumittifaq Radiosunun Böyük Simfonik Orkestri, Vadim Lüdvikovskinin idarəsi ilə Ümumittifaq estrada simfonik orkestri, Nekrasovun idarəsi ilə Rus xalq çalğı alətləri orkestri, o dövrdə çox dəbdə olan Meşerinin idarəsi ilə elektron musiqi alətləri ansamblı müşayiət edirdi. Həmçinin Tofiq Quliyev, Adil Gəray, Səid Rüst əmov, Andrey Babayev və başqa sənətkarlar da ayrı-ayrı əsərlərə diricorluq etmək üçün Moskvaya ezam olunmuşdular.
       Rəşid Behbudov bu dəfə 100-dən artıq ifa etdiyi mahnılar arasında müxtəlif variantlarda bir neçə xalq mahnısını da lentə aldırır. Ümumiyyətlə, görkəmli sənətkarın Azərbaycan xalq mahnılarına olan münasibəti xüsusi araşdırılmalı və mütəxəssislər tərəfindən diqqətlə tədqiq olunmalıdır. Çünki o, xalq mahnılarımıza xüsusi ehtiram, ehtiyat və yaradıcılıqla yanaşırdı. Onun yaradıcılığında xalq mahnıları böyük bir dövr təşkil edirlər. 1940-cı-1980-ci illər ərzində müxtəlif variantlarda və interpretasiyalarda lentə aldığı xalq mahnılarını dinlərkən qarşımızda böyük bir məktəbin - Rəşid məktəbinin qapıları açılır.

       Rəşid hələ uşaqlıq yaşlarından atası, məşhur xanəndə Məcid Behbudovun ifasında xalq mahnılarımızın vurğunu idi. Bu haqda yazının başlanğıc hissəsində geniş məlumat verildiyinə görə onun yaradıcılığının bir qədər sonrakı – Bakı dövrünün ilk illərindən başlayaraq xalq mahnılarına aid olan məqamlar üzərində dayanmaq istərdim. Məlum olduğu kimi, 1945-ci ildə «Rəşid Behbudov «Arşın mal alan» filminin çəkilişi ilə əlaqədar Bakıya dəvət olunur və bundan sonra ömürlük taleyini doğma, əziz şəhərə bağlayır.
       1945-ci ildən başlayaraq Rəşid yaradıcılığının yeni dövrü, yeni erası başlanır. Görkəmli bəstəkar Tofiq Quliyevlə Rəşid Behbudov misli görünməmiş bir tandem yaradaraq Azərbaycan musiqisinin yeni, daha parlaq səhifələrini yaradırlar. Bu dövrdə onların yaradıcılığında xalq mahnıları əsas yer tutur. Rəşid bir çox xalq mahnılarını tamamilə yeni sərgidə, o zaman dəbdə olan caz üslubunda ifa edir. Əlbəttə ki, Tofiq Quliyevin müşayiəti ilə. Əldə etdiyimiz məlumatlara görə, Rəşid Behbudovla Tofiq Quliyev Azərbaycan xalq mahnılarından ibarət bir neçə silsilə hazırlayıblar. 12 mahnı tamamilə yeni formada, yeni redaksiyada və yeni ifa tərzində dinləyicilərin ixtiyarına buraxılıb. Əfsuslar olsun ki, bu gün həmin silsilədən yalnız beş mahnı – «Qalalı», «Qalanın dibində», «Ağacda leylək», «Güloğlan» və «Yar bizə qonaq gələcək» mahnıları bizə gəlib çatmışdır. Digər mahnıların, daha doğrusu Tofiq Quliyevin tərtibatı və müşayiəti ilə Rəşid Behbudovun ifa etdiyi xalq mahnılarının axtarışı davam edir və ümid edirik ki, biz həmin qiymətli əsərləri tapıb üzə çıxara biləcəyik. Çünki həmin mahnılar Azərbaycan musiqisində yeni bir dövrün, yeni bir canrın, yeni bir epoxanın başlanğıcı deməkdir. Müasir estrada canrının inkişafı məhz bu dövrdən başlayır. Əlbəttə ki, xalq mahnıları ilə yanaşı Rəşid Tofiq Quliyevin özünün bəstələdiyi mahnıları da gözəl, böyük məharətlə ifa edirdi. «Züleyxa», «Gözəldir Vətənim», «Bakı», «Nəsrəddin və kölgəsi» və s. mahnılar o dövrdə nəinki Azərbaycanda, keçmiş SSRI ərazisində də çox məşhur idi. Lakin bu yazıda mən «Rəşid Behbudovun yaradıcılığında xalq mahnıları» mövzusu üzərində dayanmaq istəyirəm.
       Rəşid Tofiq Quliyevin müşayiəti ilə ifa etdiyi xalq mahnılarını mütləq bir neçə variantda ifa edirdi. Ən maraqlı cəhət isə ondan ibarətdir ki, görkəmli sənətkar uşaqlıqdan əzbər bildiyi və həddən artıq çox sevdiyi xalq mahnılarını tamamilə yeni formada təsdiq edirdi. Artıq məlumat verildiyi kimi, 1945-ci ildən Rəşidin şöhrəti bütün dünyaya ildırım sürəti ilə yayılır. O SSRI-nın müxtəlif şəhərlərinə tez-tez qastrol səfərlərinə dəvət olunur və bu səfərlər zamanı onu Tofiq Quliyev müşayiət edir. Hər iki sənətkar ənənəvi Azərbaycan xalq mahnılarını müasir dinləyicinin millətindən asılı olmayaraq başa düşə bildiyi musiqi dilində və tərtibatında ifa edir və onları təbliğ edirdilər. Eyni zamanda görünməmiş bir hal idi ki, Rəşid xalq mahnılarımızın bir hissəsini oricinalda, yəni Azərbaycan dilində, digər hissəsini isə Rus dilində ifa edirdi. Dünyanın 6/1-ni təşkil edən keçmiş SSRI kimi nəhəng bir dövlətin milyonlarla dinləyicisi görkəmli sənətkarın ifasında Azərbaycan xalq mahnılarını dinləyir və onlar ı sevirdi. Bu sevgi bu günümüzə qədər yaşamaqdadır.
       1993-cü ildə mən Moskvada olarkən dəvət olunduğum bir məclisdə ev yiyəsinin anası haralı olduğumu soruşdu. Mənim cavabım o alicənab, ziyalı, olduqca məlumatlı qadının yaşlı olmasına baxmayaraq həyat eşqini itirməmiş gözlərində, mülayim çöhrəsində, zərif simasında xoş bir təbəssüm yaratdı. O baxışlarını yuxarı qaldıraraq intonasiyası tanış olsa da, mənə məlum olmayan bir mahnını zümzümə etməyə başladı və sonra məndən soruşdu: - Siz bu mahnını eşitmisinizmi? Tərəddüd keçirdiyimi görən xanım – bu Azərbaycan xalq mahnısı «Güloğlan»dır – dedi. Mən çox təəccübləndim. Baxmayaraq ki, bizim mahnıları çox sevirəm, ancaq bu mahnını deyəsən eşitməmişdim. Yaşlı rus qadını mülayim səslə «Güloğlan» mahnısını ifa etməyə başladı. Bu hadisədən qürur hissi keçirirdim: ulu babalarımızın yaratdığı nadir incilər əsrlərin süzgəcindən keçərək bu gün nəinki azərbaycanlıları, hətta digər millətlərin də nümayəndələrini həyəcanlandırır.
       Bütün bunlardan sonra mənim doğma, yaxın bir adamıma çevrilən rus xanımı yerindən qalxıb qonşu otağa keçdi. Bir qədərdən sonra xanım əlində bir val geri döndü. O titrəyən əllərində tutduğu valı mənə uzadaraq dedi: «Bu gəncliyimdən xoş xatirədir. O dövrdə, müharibədən sonrakı dövrdə həyatımız çox ağır olsa da, bu vallar bizi özümüzə qaytarırdı. Elə bir şənlik yox idi ki, orada Rəşid Behbudovun valı səslənməsin. Bizim nəsil bu mahnılarla böyüyüb. Hər axşam bir yerə toplaşıb həmin valı təkrar-təkrar dinləyər və əylənərdik».
       Mən valı götürüb baxdım. «Azərbaycan xalq mahnısı «Güloğlan». O oxuyur Rəşid Behbudov. Tərtibat və fortepianoda müşayiət edir Tofiq Quliyev».
       Həmin gün mən valdakı mahnını dinləyə bilməsəm də, sonralar «Güloğlan» mahnısının bir neçə variantını əldə etdim, 40-cı illər üçün həqiqətən də çox cəsarətli bu mahnı Tofiq Quliyevin qeyri-adi gözəllikdə caz improvizləri ilə başlayır. Bəstəkar 2 dəqiqəyə yaxın royalda improvizə edir və bundan sonra Rəşid oxumağa başlayır.
       Beləliklə, Rəşidin Bakıya gəlişi Azərbaycan bəstəkarlarının yaradıcılığında güclü sıçrayışa səbəb olur. Bir faktı da qeyd etmək yerinə düşər. «Arşın mal alan» filminin rejissoru, görkəmli sənətkar Rza Təhmasib 1943-cü ildən, Rəşidi ilk dəfə səhnədə gördüyü andan onu Əsgər roluna çəkməyə qərara alır. O, həmin dövrdə Ermənistan cazının əsas solisti Rəşidi hər vasitə ilə Bakıya dəvət edir. Lakin Yerevanda bu dəvətlərə olduqca qısqanc yanaşır və müğənnini müxtəlif təkliflərlə, bəhanələrlə dəvətlərdən yayındırmağa çalışırlar. Bu haqda jurnalın əvvəlki saylarında geniş məlumat verdiyim üçün istəkli oxucuların diqqətini başqa bir maraqlı və nadir fakta cəlb etmək istəyirəm. Rza Təhmasib 1944-cü il may ayının 10-da Rəşidə növbəti dəfə məktub yazır. Məktubdan mövzuya aid bir hissəni nəzərinizə çatdırıram.
        «…Sizin məktubunuzu aldım. Diqqətinizə görə təşəkkür edirəm. Çox şadam ki, Siz bizim işlərlə maraqlanır və xəbər tutursunuz. Bir az tələsin. Biz Sizinlə çox şeylər haqqında danışmalıyıq, hələ çox işlər görməliyik. Tələsin, əks halda hər gün bizim birgə qələbələrimizin və xoş əməyimizin «kisəsindən» gedir.
       Sizi dəvət etmək üçün yanınıza xüsusi adam göndərilib. Filmdən əlavə Siz həm də burada caz yaratmaq üçün dəvət olunursunuz. Əminəm ki, Siz maksimum enerci, təşəbbüs və əzmkarlıq göstərəcəksiniz.
       Sizi sevinclə gözləyirəm.
       Əlinizi sıxıram. Rza Təhmasib.
       10.5.44».
       Məktubdan göründüyü kimi, o dövrdə Rəşid Bakıya «arşın mal alan» filmində çəkilməklə yanaşı həm də burada 40-cı illərdə çox dəbdə olan caz janrını yaratmaq üçün dəvət olunur. Sözün açığı, hal-hazırda əlimizdə kifayət qədər məlumat, fakt olmadığı üçün Rəşidin Bakıda caz yaratmaq istiqamətindəki fəaliyyəti üzərində geniş dayanmırıq. Bu sahədə tədqiqatlar davam edir və ümid edirəm ki, yaxın gələcəkdə bu mövzunu daha geniş və ətraflı işıqlandırmaq üçün kifayət qədər məlumat əldə olunacaq.
       Rəşid Behbudov Tofiq Quliyevlə paralel olaraq görkəmli bəstəkarımız Fikrət Əmirovla da xalq mahnıları üzərində işləyir. Tofiq Quliyevdən fərqli olaraq Fikrət Əmirov xalq mahnılarımızı klassik vokal nümunəsi kimi – romans şəklində işləyir və Rəşid həmin əsərləri çox yüksək səviyyədə, olduqca klassik bir formada ifa edir. Sözün açığı, Fikrət Əmirovun konkret olaraq neçə xalq mahnısını işlədiyini dəqiq söyləyə bilmərəm. Bu istiqamətdə də axtarışlarımız davam edir. Ancaq 5 mahnını tapıb üzə çaxarmışıq. Həmin mahnılar – «Küçələrə su səpmişəm», «Kəklik», «Qoy gülüm gəlsin», «Evləri ar xanə-xanə» və «Laçın» mahnılarıdır. Qeyd etməliyəm ki, «Küçələrə su səpmişəm» və «Kəklik» mahnılarını ölməz bəstəkarımız royalda özü müşayiət edir. 1946-cı ildə yazılan əsərlər «Qızıl fond»un ən nadir incilərindəndir. Maraqlıdır ki, Fikrət Əmirovla da Rəşid xalq mahnılarını bir neçə variantda lentə aldırır. «Qoy gülüm gəlsin» və «Evləri var xanə-xanə» mahnılarını görkəmli bəstəkar simfonik orkestr üçün işləyir. Bununl a da Azərbaycan xalq musiqisi tarixində yeni bir dövrün əsası qoyulur. Rəşid ilk dəfə olaraq xalq mahnılarını böyük simfonik orkestrin müşayiəti ilə ifa edir. Maestro Niyazinin dirijorluğu ilə bu əsərlərdən hər biri şedevrə çevrilir. Bir müddət sonra Niyazi daha bir xalq mahnısını, «Küçələrə su səpmişəm»i simfonik orkestr üçün işləyir və Rəşid bu mahnıya da ölməzlik ruhu verir. Beləliklə, qədim xalq mahnılarımız tarixdə ilk dəfə olaraq dünya vokal canrının ən gözəl nümunələri kimi klassik romans şəklində dahi Rəşid Behbudov tərəfindən dinləyicilərə təqdim olunur.
       Rəşid Behbudov yaradıcılığının bütün dövrlərində xalq mahnılarına müraciət etmiş və hər dövrdə onları müasir tələbata uyğun musiqi janrlarının dünya musiqisindəki axınlara uyğun şəkildə dinləyicilərə təqdim etmişdir. O, xalq mahnılarımızın təbliğində misli görünməmiş xidmətlər göstərmişdir.
       Jurnalın ötən saylarında məlumat verildiyi kimi, 1957-ci ildə Rəşid «Azərbaycan» adlı möhtəşəm, unikal bir kollektiv yaradır. Bu kollektivin də repertuarında xeyli sayda xalq mahnıları özünə yer alır. Həmin kollektivi yaradanda ölməz sənətkar demək olar ki, bütün bəstəkarlarımıza yeni əsərlərlə yanaşı xalq mahnılarını da yenidən tərtib etməyi sifariş edir. Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Süleyman Ələskərov, Rauf Hacıyev, Cahangir Cahangirov və başqa görkəmli bəstəkarlarımız «Azərbaycan» orkestri üçün xalq mahnılarını yenidən işləyirlər. Əfsuslar olsun ki, biz həmin mahnıların lent yazılarını əldə edə bilməmişik. Ümid edirik ki, nə zamansa biz bu nadir əsərləri tapacağıq. Həmin kollektivin ifasında bir neçə bəstəkar mahnısı ilə yanaşı bir xalq mahnısının lent yazısı bu günə qədər qorunub saxlanır. Bu Tofiq Quliyevin tərtib etdiyi «Qalanın dibində» mahnısıdır. Olduqca gözəl işlənmiş, qeyri-adi gözəlliklə ifa olunan mahnı Rəşid Behbudov yaradıcılığının həmin dövrü ilə əlaqədar fikir söyl əməyə tam əsas verir. «Qalanın dibində» mahnısı «simfocaz» janrına aid xalq mahnılarımızın yeni bir formada həyata vəsiqə almasına sübutdur. Həmin mahnını da biz «Səni tərənnüm edirəm, doğma Azərbaycanım» adlı disklər toplusuna daxil etmişik.
       1960-cı illərdə Rəşid Behbudov yenidən xalq mahnılarına müraciət edir və gənc, istedadlı bəstəkar Vasif Adıgözəlovu bu işə cəlb edir. Vasif Adıgözəlovla da ölməz sənətkar xalq mahnılarını silsilə şəklində hazırlayır. Bu silsilədən günümüzə gəlib çatan «Getdi yar», «Dağlarda çiçək», «Ləbu-ləb - Bülbüllər oxur», «Güləbatın», «Güloğlan» mahnılarıdır. Bu dəfə dahi sənətkar xalq mahnılarını xalq çalğı alətləri ansamblının müşayiəti ilə ifa edir. Gözəl tarzən Əliağa Quliyevin rəhbərliyi ilə təşkil olunan xalq çalğı alətləri ansamblı klassik ənənələri qoruyub saxlamaqla mahnılara eyni zamanda yeni ahəng, müasir səslənmə və dinləyici zövqünü oxşaya biləcək harmonik quruluş vermişlər. Vasif Adıgözəlov bu mahnıları böyük ustalıqla işləmiş və həmin mahnılar bu gün də sevilir və həvəslə dinlənilir.
       Ölməz sənətkar Rəşid Behbudov yaradıcılığının ən son dövrü olan Mahnı Teatrı dövründə də xalq mahnılarına müraciət etmişdir. Gözəl musiqiçi Rafiq Babayevlə də onlar xalq mahnılarından ibarət yeni silsilə yaratmışlar. «Qalalı», «Çal oyna», «Gözəlim sənsən», «Bayatılar» və s. xalq mahnıları musiqimizdə tamamilə yeni bir mərhələnin əsasını qoymuşdu. Bəstəkarın bu dövrü haqqında gələcək saylarımızda daha ətraflı və geniş məlumat verəcəyik.
       Rəşid Behbudov xalq mahnılarımızı müxtəlif manera ilə, müxtəlif forma və janrlarda ifa etdiyi kimi, həmin ifaların müşayiətləri də müxtəlif idi. O daim axtarır, yeni-yeni formalar tapırdı. Artıq qeyd etdiyimiz kimi, Tofiq Quliyevlə o xalq mahnılarını sırf estrada, caz stilində ifa edirdi. Fikrət Əmirovla xalq mahnılarını klassik romans janrına uyğunlaşdırırdı. Niyazi ilə simfonik orkestrin müşayiətində bu mahnıları dünya vokal janrının gözəl nümunələri kimi təqdim edirdi. «Azərbaycan» orkestri ilə «simfocaz» janrına, Vasif Adıgözəlovla xalq çalğı alətləri ansamblının müşayiətinə üstünlük verirdi. Rafiq Babayevlə isə tamamilə yeni formada, ultra müasir instrumental səslənmədə xalq mahnılarımız dünyaya yayılırdı. Bəzən caz-rok elementlərindən istifadə olunurdu. Çünki 70-80-ci illərdə musiqidə bu janr daha çox qəbul olunurdu. Bundan başqa, Rəşid Behbudov ənənəvi üçlüyün müşayiəti ilə də (tarda Hacı Məmmədov, kamançada Habil Əliyev, dəfdə Rəşid Behbudov) çıxış edirdi. O bir çox eksperimentlərin də müəllifi idi. Bəzi xalq mahnılarını tar və fortepianonun müşayiəti ilə oxuyurdu (tarda Əhsən Dadaşov, fortepianoda Çingiz Sadıxov). Eyni zamanda tar, skripka, fortepiano və dəf (tarda Əhsən Dadaşov, skripkada Azad Əliyev, fortepianoda Çingiz Sadıxov, dəfdə Əzizağa Nəcəfzadə) kimi alətlərin də sintezini yaradır və xalq mahnılarını ifa edirdi.

       Bütün bu axtarışlar, yeniliklər yalnız bir məqsədə xidmət edirdi. O da ondan ibarət idi ki, zəngin xalq mahnılarımız yaşasın və sevilsin. Rəşid Behbudov Azərbaycan xalq mahnılarını yenidən xalqa qaytardı və onlara əbədi həyat verdi. Görkəmli şairimiz Bəxtiyar Vahabzadə ölməz sənətkarın bu xidmətlərini nəzərə alaraq söyləmişdi: «Mən xalqına bundan böyük xidmət tanımıram…».
       Rəşid Behbudovun yaradıcılığında daha bir maraqlı cəhəti qeyd etmək vacibdir. Belə ki, sənətkar ifa etdiyi mahnıların böyük bir qismini bir neçə dildə oxumuşdu. Mövzumuz xalq mahnıları olduğu üçün onların üzərində dayanmaq daha məqsədə uyğun olar. Əldə etdiyimiz xalq mahnılarının bəziləri həm Azərbaycan dilində, həm də rus dilində müxtəlif illərdə lentə alınıb. Bəzi mahnıların isə bir hissəsi Azərbaycan dilində, bir hissəsi isə rus dilində ifa olunub. Görkəmli sənətkar xalq mahnılarımızı ya bütünlüklə, ya da qismən rus dilinə tərcümə elətdirərək onları daha geniş dinləyici auditoriyasına çatdırmaq üçün bu üsullardan istifadə edərdi. Keçmiş SSRI-də müxtəlif millətlərin ümumi dili, ünsiyyət dili olan rus dili vasitəsi ilə 100 milyonlarla dinləyici Azərbaycan xalq mahnılarını dinləyir və sevirdi. Bu qədim xalq mahnılarımızın müasir tərtibatda çox geniş bir ərazidə yayılmasına, sevilməsinə xidmət edirdi.
       Dahi sənətkar Rəşid Behbudovun ifa etdiyi Azərbaycan xalq mahnılarının əldə edərək bərpa etdiyimiz siyahısı.
       1. «Qalalı» - 3 variantda.
       I variant – tərtibatı Tofiq Quliyevin, (Azəri dilində), fortepianoda müşayiət edir Tofiq Quliyev – 1946.
       II variant – tərtibatı Tofiq Quliyevin, (Azəri və rus dillərində), fortepianoda müşayiət edir Tofiq Quliyev – 1946.
       III variant - tərtibatı Rafiq Babayevin, (Azəri dilində), müşayiət edir Mahnı Teatrının solistlərindən ibarət ansambl – 1969.
       2. «Güloğlan» - 3 variantda.
       I variant – tərtibatı Tofiq Quliyevin, (Azəri dilində), fortepianoda müşayiət edir Tofiq Quliyev – 1946.
       II variant – tərtibatı Tofiq Quliyevin, (Azəri və rus dillərində), fortepianoda müşayiət edir Tofiq Quliyev – 1946.
       III variant – tərtibatı Vasif Adıgözəlovun, (Azəri dilində), müşayiət edir Əliağa Quliyevin idarəsi ilə xalq çalğı alətləri ansamblı – 1963.
       3. «Ağacda leylək» – 3 variantda.
       I variant – tərtibatı Tofiq Quliyevin, (Azəri dilində), fortepianoda müşayiət edir Tofiq Quliyev – 1946.
       II variant – tərtibatı Tofiq Quliyevin, (rus dilində), fortepianoda müşayiət edir Çingiz Sadıxov – 1958.
       III variant - tərtibatı Rafiq Babayevin, (Azəri dilində), müşayiət edir Mahnı Teatrının solistlərindən ibarət ansambl – 1969.
       4. «Yar bizə qonaq gələcək» - tərtibatı Tofiq Quliyevin, (Azəri dilində), fortepianoda müşayiət edir Tofiq Quliyev – 1946.
       5. «Qalanın dibində» - tərtibatı Tofiq Quliyevin, (Azəri dilində), müşayiət edir Rəşid Behbudovun rəhbərliyi ilə «Azərbaycan» Dövlət konsert ansamblı - 1958.
       6. «Küçələrə su səpmişəm» - 2 variantda.
       I variant – tərtibatı Fikrət Əmirovun, (Azəri dilində), fortepianoda Fikrət Əmirov müşayiət edir–1946.
       II variant – tərtibatı Niyazinindir, Azəri və rus dillərində, müşayiət edir Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestri, dirijor Niyazi – 1954.
       7. «Qoy gülüm gəlsin, ay nənə» – 2 variantda.
       I variant – tərtibatı Fikrət Əmirovun, (Azəri dilində), fortepianoda müşayiət edir Valter – 1946.
       II variant – tərtibatı Fikrət Əmirovun, (Azəri dilində), müşayiət edir Ü.Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestri, dirijor Niyazi – 1950.
       8. «Evləri var xanə-xanə» – 2 variantda.
       I variant – tərtibatı Fikrət Əmirovun, (Azəri dilində), fortepianoda müşayiət edir Vladimir Kozlov – 1946.
       II variant – tərtibatı Fikrət Əmirovun, (Azəri dilində), müşayiət edir Ü.Hacıbəyov adına Azərbaycan Dövlət simfonik orkestri, dirijor Niyazi – 1950.
       9. «Kəklik» - tərtibatı Fikrət Əmirovun, (Azəri dilində), fortepianoda müşayiət edir Fikrət Əmirov – 1946.
       10. «Laçın» - tərtibatı Fikrət Əmirovun, (Azəri dilində), fortepianoda müşayiət edir Valter – 1946.
       11. «Girdim yarın baxçasına» - tərtibatı Süleyman Ələsgərovun, (Azəri dilində), fortepianoda müşayiət edir Valter – 1946.
       12. «Getdi yar» - tərtibatı Vasif Adıgözəlovun, (rus dilində), müşayiət edir Əliağa Quliyevin idarəsi ilə xalq çalğı alətləri ansamblı – 1963.
       13. «Dağlarda çiçək» - tərtibatı Vasif Adıgözəlovun, (rus dilində), müşayiət edir Əliağa Quliyevin idarəsi ilə xalq çalğı alətləri ansamblı.
       14. «Güləbatın» - tərtibatı Vasif Adıgözəlovun, (Azəri dilində), müşayiət edir Əliağa Quliyevin idarəsi ilə xalq çalğı alətləri ansamblı – 1963.
       15. «Ləbu-ləb – Bülbüllər oxur» - tərtibatı - ?, müşayiət edir xalq çalğı alətləri ansamblı, bədii rəhbər - ?
       16. «Ay Dilbər» - müşayiət edirlər - fortepianoda Çingiz Sadıxov, tarda Əhsən Dadaşov. Tehran konsertindən lentə alınıb – 1962.
       17. «Çal oyna» - tərtibatı Rafiq Babayevin, (Azəri dilində), müşayiət edir Mahnı Teatrının solistlərindən ibarət ansambl – 1969.
       18. «Gözəlim sənsən» - tərtibatı Rafiq Babayevin, (Azəri dilində), müşayiət edir Mahnı Teatrının solistlərindən ibarət ansambl.
       19. «Bayatılar» - musiqisi Rəşid Behbudovun, sözləri xalqındır Tərtibatı Rafiq Babayevin, (Azəri dilində), müşayiət edir Mahnı Teatrının solistlərindən ibarət ansambl.





Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70