RAMIZ MUSTAFAYEV
Ramiz ZÖHRABOV
 


       Oktyabr ayının 16-da görkəmli bəstəkar, dirijor, pedaqoq və ictimai xadim, Azərbaycan Respublikasının xalq artisti, professor Ramiz Mustafayevin doğum gününün 75, yaradıcılıq fəaliyyətinin 50 illiyi tamam oldu.
       Bu münasibətlə möhtərəm Prezidentimiz, zati-aliləri, cənab Heydər əliyevin fərmanı ilə musiqi sənətimizin inkişafında xidmətlərinə görə R. Mustafayev «Şöhrət» ordeninə layıq görüldü. Fürsətdən istifadə edib musiqi ictimaiyyəti, Azərbaycan Bəstəkarlar Ittifaqının üzvləri, idarə hey’əti və katibliyi adından hörmətli Prezidentimizə yüksək mükafat üçün dərin minnətdarlığımızı bildiririk.
       R. Mustafayev çox məhsuldar bəstəkardır. O, xüsusilə iri həcmli, monumental musiqi janrlarında yazmağı çox sevir. Onun yaradıcılığına masştablıq çox xasdır. Elə bunun üçün də R. Mustafayevin yaradıcılığında mühüm yeri musiqili-səhnə əsərləri, simfonik və vokal-simfonik bəstələmələr başlıca yer tutur.
       50 illik yaradıcılığı dövründə o, 5 opera, 5 operetta, 9 oratoriya, 8 simfoniya, 5 vokal-simfonik poema, 500-dən artıq mahnı və romans bəstələmişdir.
       Göründüyü kimi müasir Azərbaycan bəstəkarları arasında sadaladığımız musiqi janrlarında çoxsaylı iri həcmli əsərlər müəllifi kimi o, ilk cərgədə durur. Bu ümdə cəhət onu göstərir ki, R. Mustafayev daim çalışan, yazıb-yaradan, arayıb-axtaran bir sənətkardır.
       Onu da deyək ki, R. Mustafayevin musiqili-səhnə, vokal-simfonik əsərlərə meyli onun keçdiyi mürəkkəb, lakin maraqlı həyat yolu ilə də ciddi bağlıdır. Belə ki, o, hələ 15 yaşında ikən özfəaliyyət dram dərnəklərində fəal iştirak edir. Aktyorluq sahəsində bacarığı məhz onu teatr texnikumunun aktyorluq şö’bəsinə gətirib çıxarır. Və o, bu texnikumu bitirdikdən sonra əvvəl gənc tamaşaçılar teatrında, sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışır. Lakin o, bununla kifayətlənmir. Vokal sənətinə də böyük həvəs göstərir. Xatırladaq ki, o, gənc yaşlarından gözəl tembrli vokal səsə malik idi. Bunun üçün də o, Azərbaycan Dövlət Konservatoriyasının vokal şö’bəsinə böyük müğənnimiz, professor Bülbülün sinfinə daxil olur və müvəffəqiyyətlə də bu sənət sahəsində Ali musiqi savadı alır.
       O, təhsil aldığı illərdə bəstəkarlığa da xüsusi maraq göstərir. O, vokal sinfini bitirdikdən sonra həmin Konservatoriyanın artıq bəstəkarlıq şö’bəsinə daxil olur (professor Boris Zeydmanın sinfinə). Və ə’la qiymətlərlə bu sənət üzrə Ali musiqi məktəbini bitirir.
       Bəli, bütün sadaladığımız incəsənət sahələrinə maraq ona opera, operetta, vokal-simfonik əsərlər sahəsində daha çox çalışmağa yardımçı olur.
       Elə bəstəkarın diplom işi də məhz böyük şairimiz Səməd Vurğunun «Fərhad və Şirin» pyesi əsasında «Şirin» operası olmuşdur.
       Doğrudan da, müstəqil yaradıcılıq yoluna qədəm qoyduqdan sonra, onun yaradıcılığında opera və operetta janrı xüsusi əhəmiyyət kəsb edir. Yazdığı beş opera arasında ona daha çox uğur gətirən «Vaqif» operası olmuşdur.
       Müəllifin etiraf etdiyi kimi, S. Vurğun poeziyası və dram əsərləri onu həmişə cəlb etmişdir. O, hətta «Vaqif» dramında Əlibəy rolunun ifaçısı da olmuşdur.
       Bu barədə söz düşəndə R. Mustafayev belə deyir: «Bir tamaşada görkəmli aktyorumuz Ismayıl Dağıstanlı nə üçünsə də gəlmədiyindən rejissor Əlibəy rolunda çıxış etməyi mənə tapşırdı. Əvvəl mən bu rolda oynamağa tərəddüd etdim. Doğrusu, bu mürəkkəb obrazın öhdəsindən gələcəyimə inanmırdım. Lakin recissor və mənim həmkarlarım məni ruhlandırıb həvəsə gətirdilər. Razılaşdım … «Vaqif» dramı ilə mən ilk dəfə belə qaynayıb qarışdım. Elə o vaxtlar fikirləşdim ki, bu əsəri operaya çevirmək gözəl olar».
       Bəli, bəstəkarın arzuları gerçəkləndi. 1960-cı ilin 23 iyununda «Vaqif» operasının Azərbaycan Dövlət Akademik opera və balet teatrında ilk tamaşası oldu. Bu səhnə əsəri iki il sonra Moskvada bəstəkarların Ümumittifaq müsabiqəsində laureat adına layıq görüldü.
        «Vaqif» operası librettosunun müəllifi, respublikanın əməkdar artisti, müğənni Firudin Mehdiyevdir. O, öz yaradıcılıq işi haqqında deyir: «Mən libretto üzərində işlərkən çalışmışam ki, «Vaqif» dramında olan ana xəttdən kənara çıxmayım, istər şəxsi həyatında, istərsə də xalqın səadəti üçün apardığı mübarizə səhnələrində Vaqif obrazının dolğunluğunu saxlayım.
       Illərdən bəri səhnəmizdən düşməyən «Vaqif» operası özünün bal kimi musiqi rüşeymlərini xalqımın qəlbinə atmış və onu ovsunlamışdır.»
       Xatırladaq ki, F. Mehdiyev «Vaqif»də şah Qacarın obrazını uzun illər yaratmışdır.
       Görkəmli müğənnimiz Lütfiyar Imanov «Vaqif» operasında əsas obraz olan Vaqifin rolunu oynayır. O, bu obrazı belə səciyyələndirir: «Vaqif» operasında sevimli şairimizin obrazı üzərində işləmək mənə nəsib oldu. O vaxtdan artıq 40 il keçir. Bu müddət ərzində mən bu obrazı hərtərəfli mənimsəmiş, onun üzərində necə deyərlər, «zərgərlik işi» aparmışam. Və hər dəfə «Vaqif» operasında çıxış etmək mənə xoş tə’sir bağışlayır».
       Bu əsər bir neçə dəfə redaktə olunmuş və 40 ildir ki, səhnəmizdən düşmür. Bu yaxınlarda bəstəkarın yubileyi ilə əlaqədar «Vaqif» yeni redaksiya da tamaşaya hazırlanır. Ümidvarıq ki, həmin tamaşa həmişə olduğu kimi opera həvəskarlarının yenə də rəğbətini və məhəbbətini qazanacaqdır.
       1962-ci ildə R. Mustafayev böyük satirik şair M. Ə. Sabirin 100 illik yubileyinə «Xan və əkinçi» opera səhnəsini, 1964-cü ildə şair Teymur Elçinin librettosu əsasında «Tərs keçi» adlı birpərdəli uşaq operasını da yazdı. Bu dövrdə gənc bəstəkarın opera sahəsindəki tapıntıları onun 1964-cü ildə şair Ənvər Əlibəylinin «Polad» poeması əsasında yazdığı radio-operada özünü bariz şəkildə nümayiş etdirdi. Operada bəstəkarın yaşadığı dövrün müasir insanlarının həyatından söz açılır. Burada Polad və Dilbər həyatın müxtəlif sınaqlarından, imtahanından qalibiyyətlə çıxırlar. Və sona qədər öz məhəbbətlərinə sadiq qalırlar.
       1967-ci ildə bəstəkar digər musiqili – səhnə əsərinə – operettaya müraciət edir. Bu, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulmuş «Axırı yaxşı olar» operettasıdır (libretto Rəfiq Xəndan Zəkanındır).
       Hələ bu ildə bu əsrdən əvvəl, yə’ni 1958-ci ildə o, qələm dostu, respublikanın xalq artisti, görkəmli bəstəkar Vasif Adıgözəlovla müştərək «Hacı Qara» komediyası əsasında «Xəsis» operettasını yazmışdır
       R. Mustafayevin «Qonşumuzda bir oğlan var» musiqili komediyası da maraqlıdır (libretto Məhərrəm Əlizadənindir). Bu əsərdə ailə-məişət mövzusu aparıcı amildir. Gənc nəslin nümayəndələri köhnəlmiş, öz əhəmiyyətini itirmiş qayda-qanunlara, adət və ən’ənələrə qarşı çıxır, bu neqativ hallara qarşı mübarizə aparırlar.

       Hər üç musiqili komediyada bəstəkar rəngarəng musiqi formalarından, maraqlı səhnələrdən, rövnəqli xor və orkestr epizodlarından, ariya və ariozo, mahnı, ansambl səhnələrindən bacarıqla istifadə etmişdir.
       1958-ci ildən Azərbaycan Teleradio Verilişləri Şirkətinin xor kollektivinin rəhbəri və dirijoru işləyən Ramiz 250-dən artıq xalq mahnısını və təsnifi xüsusi olaraq xor üçün işləmiş və özü də təqsir etmişdir.
       Bəstəkarın oratoriyaları, kantataları və vokal-simfonik poemaları, süitaları, a kapella xoru üçün 10 mahnıdan ibarət silsilə, və başqa əsərləri məhz bu kollektivin və simfonik orkestrin, solistlərin ifasında lentə yazılmış, videoya alınmış, Teleradio Verilişləri Şirkətinin fonduna daxil edilmişdir. Biz tez-tez ekranda bu əsərlərin videoyazısını müəllifin öz təfsirində görürük.
       R. Mustafayevin əsərləri arasında xüsusilə onun oratoriyaları bir-birindən öz orijinallığı və yüksək professional səviyyəliyi ilə fərqlənir: «Ana», «Hüseyn Cavid», «Oktyabr», «Nəriman Nərimanov», «Salatın», «Nizami», «Inam», «Mənim müasirim», «Məhəmməd və Leyla» məhz dediyimiz yüksək keyfiyyətləri ilə diqqəti çəkir.
       Yeri gəlmişkən onu da deyək ki, R. Mustafayevin «Inam», «Mənim müasirim» oratoriyaları, «Haqq səndədir» kantatası, dünya miqyasında görkəmli siyasətçi və dövlət xadimi, hörmətli Prezidentimiz Heydər Əliyevə həsr olunmuşdur.
       Bəstəkarın oratoriyaları arasında xalq şairi Nəbi Xəzrinin «Ana» poeması əsasında eyni adlı əsəri xüsusi yer tutur. Əsər xor, simli orkestr və solist üçün bəstələnmişdir. Müəllif bu əsərində Vətənə, xalqa, anaya olan böyük məhəbbətini, Nəbi Xəzri şerində ki fəlsəfi fikirləri emosional bir şəkildə tərənnüm edib.
       Oratoriyada beş hissə yeganə dramaturji məqsədə tabedir. Onuda qeyd edək ki, bu poema musiqidə bütünlüklə öz təcəssümünü tapmışdır. Belə ki, solist-tenor əvvəldən sona qədər poemada olan hadisələri musiqi təranələri ilə necə deyərlər «nəql edir».
       Birinci hissənin inkişaf prosesində bəstəkar lad-məqam və ritm dəyişikliyinə xüsusi yer vermişdir. Məhz bu cəhətlər əlbəttə, mətndə olan emosional dəyişilmələrdən irəli gəlir.
       Oratoriyanın ikinci hissəsi lirik planda yazılıbdır. Bu hissə oratoriyanın lirik mərkəzini təşkil edir. Bütün hissə üç böyük epizoddan ibarətdir.
       Üçüncü hissəni isə ağır tərzli musiqi təşkil edir, o, Ana obrazını yada salır. Bu hissədə bəstəkar çoxsəsli polifonik formalar olan xoral və fuqatodan istifadə etmişdir.
       Dördüncü hissədə solist və xor mürəkkəb musiqi melodiyaları ilə bir növ «yarışırlar». Ümumiyyətlə, dördüncü hissə bir poema tərzində yazılmışdır. Və oratoriyanın ən mərkəz, böyük həcmli, mürəkkəb şəkilli hissə əhəmiyyətini daşıyır.
       Son, beşinci hissə bütün oratoriyanı yekunlaşdırır. Şairin fəlsəfi fikirləri bu sözlərlə verilir:
       Həyatda ilk dahi elə anadır,
       Dünyanın allahı elə anadır.
       Bu hissə boyu dramatizmlə aşılanmış «səhnələr» bir-birini əvəz edir. Solistlə xorun replikaları isə dramatizmi daha da gücləndirir. Bəstəkar son hissədə birinci hissədən əsas melodiya və üçüncü hissədən xoral musiqisinə də müraciət etmişdir. Bununla o, hissələr arasında daxili əlaqə yarada bilmişdir.
       R. Mustafayevin oratoriyaları arasında maraqlı nümunə «Hüseyn Cavid» ola bilər. Bu əsər böyük şairin doğum ilinin 100 yaşına həsr edilmişdir.
       Oratoriyanın mətni isə şair Rəfiq Zəka Xəndanındır. «Hüseyn Cavid» oratoriyası bəstəkar tərəfindən beş hissə kimi düşünülmüşdür. Beş hissəni cəmləşdirən müxtəlif səpkili musiqi lövhələri boyu bəstəkar parlaq orkestrləşdirmədən, eyni zamanda solo, vokal, xor və simfonik musiqinin müasir ifadə vasitələrindən, polifonik və harmonik yazı üsulundan, klassik muğam və xalq musiqisi qaynaqlarından böyük məharətlə və ustalıqla istifadə edə bilmişdir.
       Müəllif musiqi obrazları ilə böyük şairə olan ehtiramını, məhəbbətini inandırıcı şəkildə açıb göstərir. Bəli, oratoriyanı dinlədikcə şairin gərgin həyatı, ilhamlı yaradıcılığı gözlərimiz önündə canlanır.
       Bəstəkarın yeni yazdığı «Məhəmməd və Leyla» oratoriyası (Sözləri Bəxtiyar Vahabzadənindir) bu janrda onun ən iri əsəridir. Özü də 75 dəqiqə səslənir. Əsərdə xor, simfonik orkestr, müxtəlif səslərə malik solistlər və qiraətçi iştirak edirlər. Müəllif hissələr arasında və həssələr daxilində kontrastlıq, mətndən irəli gələn xarakter dəyişmələrini maraqlı və müxtəlif səciyyəli şəffaf harmoniyaları, orkestrləşdirmə üsulu ilə açıb göstərməyə nail olur. Dinləyici uzun müddəti metrajdan yorulmur və maraqla mövzunun bütün təfərrüatı ilə açılmasını sona qədər izləyir.
       R. Mustafayev bir simfonist kimi də maraqlı bəstəkardır. O, bütün simfoniyalarında klassik formanı əsas götürür. Onu da qeyd edək ki, o, elə ilk simfoniyasından özünü bu sahədə yüksək səriştəli bir sənətkar kimi göstərdi. Əsər ilk dəfə Azərbaycan bəstəkarlarının IV qurultayında səsləndi, keçmiş SSRI məkanında musiqi ictimaiyyətinin tə’rifini qazandı. Sonra Moskvada Ümumittifaq televiziyası və radiosunun Böyük simfonik orkestri tərəfindən təfsir olundu, lentə yazıldı, radionun fonduna daxil edildi.
       Müəllif öz simfoniyası haqqında belə deyir: «Mən simfoniyamı cəsur Xəzər neftçilərinə, onların rəşadətli əməyinin tərənnümünə həsr etmişəm. Bu simfoniya müasirlərimiz, əmək prosesində onların xarakterinin müəyyənləşməsi haqqında düşüncələrdir».
       Bəstəkarın klassik ən’ənəyə əsaslanan simfoniyası üç hissədən ibarətdir. Müəllif birinci hissədə təzadlı obrazlardan ustalıqla istifadə etmişdir. Bütün hissə boyu biz musiqini dinlərkən işıqlı, şəffaf epizodlarla lirik epizodların necə də bir-birini əvəz etməsinin şahidi oluruq. Ikinci hissə isə Xəzərin gözəl mənzərəsinin təsvirinə həsr edilmişdir. Bu hissədə bəstəkar lirik, şairanə melodik boyalara əsaslanmışdır. Üçüncü hissə öz nikbin musiqisi ilə diqqəti cəlb edir. Burada əsas mövzu səadətli əməyin tərənnümüdür.
       Əsəri ilk dəfə dinlərkən böyük bəstəkarımız Tofiq Quliyev çox doğru demişdir … «bu əsər onun əvvəlki yaradıcılıq nailiyyətlərinin – «Vaqif» və «Polad» operalarının, simfonik poema və süitalarının davamıdır».
       Musiqi ictimaiyyəti R. Mustafayevin «Üçüncü simfoniya»sını ilk ifadan təqdir etdi.
       
       Simfoniya üç hissədən ibarətdir. Ilhamla bəstələnmiş bu əsər öz dərin lirizmi, emosionallığı, psixoloji incəliyi ilə diqqəti cəlb edir.
       Bu əsərdə milli musiqi ünsürləri tamamilə müasir ruhdadır. Bəstəkar simfoniyada müxtəlif polifonik formalardan və musiqi mövzularının inkişaf vasitələrindən zövqlə, böyük səriştə ilə istifadə etmişdir.
       Üçüncü simfoniya açıq konsertlərdə ifa olunmaqla yanaşı, lentə yazılmış, vaxtaşırı həm Rusiyanın radio dalğalarında, həm də respublika radiosunun proqramlarında səsləndirilir.
       R. Mustafayevin mahnı və romans yaradıcılığı da çox maraqlıdır. Onun mahnı və romanslarını respublikamızın tanınmış müğənniləri oxuyurlar. Lakin o, xoşbəxt adamdır ki, onun mahnı və romanslarından on ikisini məhz böyük müğənnimiz Rəşid Behbudov ilk dəfə təfsir etmiş, onlara necə deyərlər «möhür » vurmuş və həmin əsərlər radionun qızıl fonduna daxil edilmişdir.
       Yaşlı və orta nəslə məxsus hər bir musiqisevər R. Mustafayevin «Bakının ulduzları», «Yadıma sən düşürsən», «Mən Bakı fəhləsiyəm», «Gülnarə», «Sənin gözlərin», «Qızıl əllər», «Məlahət sultanıdır», «Qafqaz», «Bir kəlmədən incidi o» və s. kimi mahnı və romanslarını əzbər bilirlər. Bunlar mahnı salnaməmizi zənginləşdirən incilərdir -, desək düz olar.
       R. Mustafayev Azərbaycan Bəstəkarlar Ittifaqının 1 qurultayından bəri Idarə hey’ətinin üzvüdür. Bir neçə ildir ki, o musiqili – səhnə əsərləri bölməsinin sədri, Teleradio Şirkəti xor kollektivinin bədii rəhbəri və Bakı Musiqi Akademiyasının professurudur 1968-1972-ci illərdə o, Azərbaycan Bəstəkarlar Ittifaqının idarə hey’ətinin vəzifəsində çalışmışdır. Bütün bu ictimai işləri o, böyük ruh yüksəkliyi və əzmlə yerinə yetirir.
       R. Mustafayev xoş xəsiyyətə, nəcib, insani keyfiyyətlərə malikdir. O, çox zaman müxtəlif müşavirələrdə, dövri mətbuatda, televiziya ekranlarında, radio dalğalarında açıq şəkildə öz irad və təkliflərini, tənqidi qeydlərini bildirir. Əlbəttə, onun xəsiyyətində olan bu məziyyət bə’zilərinin xoşuna gəlmir, onlarda incilik hissələri oyadır. Bu da təbiidir. Əksar insanlar tənqidi sün’i surətdə şəxsi münasibətlərlə, bə’zən qərəzlə bağlayırlar. Lakin R. Mustafayevin obyektiv tənqidi əsas e’tibarilə öz bəhrəsini də verir …
       R. Mustafayev yaradıcılığının müdrik çağlarını yaşayır. Biz, R. Mustafayevin yaradıcılığının pərəstişkarları və xeyirxahı ondan hələ çox yeni əsərlər gözləyirik. Çünki, o sənətdə heç bir zaman qocalmır, hər bir əsər gənclik ehtirası ilə yazılır.
       R. Mustafayevin yubileyi və yüksək – «Şöhrət» ordeni ilə təltif olunması münasibətilə onu səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, çoxşaxəli yaradıcılığında daha böyük nailiyyətlər arzulayırıq.








Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70