ÜZEYIR BƏY HACIBƏYOV
Səadət QARABAĞLI
 


       Cahanşümul dahi bəstəkar, kəskin qələmli mühərrir, incə yumora malik dramaturq, bənzərsiz pedaqoq, gözəl alim, yorulmaz ictimai xadim Üzeyir bəy Hacıbəyovun yaradıcılıq irsi həmişə diqqət mərkəzindədir. Azərbaycan mədəniyyətində elə bir sahə yoxdur ki, orada Üzeyir bəyin adı çəkilməsin. Böyük sənətkar hər çəhətdən kamildir, əvəzsizdir.
       Üzeyir bəy Hacıbəyovun ölməz musiqi əsərləri kimi, onun publisistikası da, dramaturgiyası da həmişə cavandır. Yəni nə qədər oxuyursansa, elə bil ki, yeni bir əsər, yeni bir məqalə ilə tanış olursan. Orası da çox qəribədir ki, XX əsrin əvvəllərində yaranmış publisistik yazılar elə bil ki, bu gün qələmə alınmışdır. Yəni XXI əsrdə də günümüzlə səsləşir, aktuallığını saxlayır.
       Ü. Hacıbəyov publisistik yaradıcılığa 1903-cü ildən başlayaraq ömrünün sonuna kimi davam etdirmişdir. Ən kəskin yazılarını 1905–1920-ci illərdə yazmışdır. O, öz məqalə və felyetonlarında dini fanatizmə, çar Rusiyasının fitnəkarlığına, Şərq qadınlarının hüquqsuzluğuna qarşı cəsarətli yazılarını yazmış, Lenini, bolşevikləri qorxmadan tənqid etmişdir. Bunlardan əlavə Üzeyir bəy mədəniyyətin, maarifin inkişafına öz məqalə və çıxışlarında məxsusi yer ayırmışdır. Üzeyir bəy Hacıbəyov yaradıcılığında ana dili məsələlərinə xüsusi fikir vermişdir. Bu barədə silsilə məqalələr yazmışdır. Üzeyir bəyin fikrincə bir millətin varlığının əsəs amili onun dilidir. Buna görə bütün xalq və birinci növbədə ziyalılar, alimlər öz dilini qoruyub saxlamağa və inkişaf etdirməyə borcludur. 1906-cı ildə "Irşad" qəzetində dərc etdirdiyi bir məqaləsində Ü. Hacıbəyov yazırdı: "Ana dilimizə əhəmiyyət verməsək, ola bilər ki, bir gün dilimiz itər-batar, yox olar və bir millətin də ki, dili batdı, o millət özü də batar, çünki bir m illətin varlığına, yaşamasına isbat vücud onun dilidir".
       Möhtərəm prezidentimizin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 18 iyun 2001-ci il tarixli xüsusi fərmanı bütün xalqımız kimi Üzeyir Hacıbəyovun ev-muzeyinin əməkdaşları tərəfindən də böyük məmnuniyyət hissi ilə qarşılanmışdır. Uzaqgörən prezidentimizin qəbul etdiyi bu fərman bizim üçün həm də ona görə əlamətdardır ki, xalqımızın qabaqcıl maarifçiləri, ziyalıları arasında Üzeyir bəy Hacıbəyovun adı iki dəfə çəkilir. Tamamilə yerində və gözəl deyilmiş fikirlərdir. Çünki Azərbaycan ədəbiyyatını, publisistikasını, maarifçiliyini, dilçiliyini Üzeyir bəy Hacıbəyovsuz təsəvvür etmək qeyri mümkündür.
       Adı çəkilən fərmanda deyilir: "Milli maarifçi ziyalılar özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsəs yolunun məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən, Azərbaycan dilinə aid dərsliklər və lüğətlər yazmağa başlamışdılar. Azərbaycan dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün maarifçiləri Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski, Mirzə Əbülhəsən bəy Vəzirov, Seyid Ünsizadə, Rəşid bəy Əfəndiyev, Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır".
       Bəli, Üzeyir bəy hələ pedaqoji fəaliyyəti zamanı şagirdlərin dərslik sarıdan çətinlik çəkdiklərini görmüş və bunu aradan qaldırmaq üçün 1907-ci ildə hüquqi, siyasi, hərbi terminlərin "Azərbaycan-rus, rus-Azərbaycan" lüğətini tərtib etmiş və Bakıda Orucov qardaşlarının mətbəəsində nəşr etdirmişdir. 1908-ci ildə isə "Hesab məsələləri" dərsliyini yazmış, yenə də həmin mətbəədə kitab işıq üzü görmüşdür. Bu kitablardan nə qədər şakirdlər, ziyalılar bəhrələnmişlər.
       "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" xüsusi fərmanda daha sonra deyilir: "Ana dilinin taleyinə heç bir ziyalının laqeyd qalmadığı bu dövrdə Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi körkəmli söz ustaları Azərbaycan dilinin saflığı və onun yad ünsürlərdən qorunması uğrunda fədakarcasına mübarizə aparırdılar".
       Ü. Hacıbəyov dəfələrlə öz məqalələrində ana dilinin saflığı məsələsinə toxunmuş, bu dilin xarici sözlərdən təmizlənməsinə, sırf Azərbaycan türkcəsi olmasına çalışmışdır. Bu xüsusda onun "Bir xanım əfəndinin bizlərə hüsni-təvəccöhi" məqaləsi maraqlıdır. Demək olar ki, 20 yaşlı mihərrir bu məqalə ilə əsl jurnalistlik fəaliyyətinə başlamışdır. Məqalə "Həyat" qəzetinin 1905-ci il 10 sentyabr tarixli 62-ci sayında "Üzeyir" imzası ilə çap edilmişdir. Burada müəllif "Peterburqskiye vedomosti" qəzetində Maqda Neyman adlı bir yazar tərəfindən dilimizin saflığı əleyhinə yürüdülmüş həyasız böhtana öz nifrətini bildirmişdir.
       Ana dilinin tədrisini irəli sürərək Üzeyir Hacıbəyov bir-birinin ardınca üç məqalə yazmışdır. Bu məqalələr "Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik" sərlövhəsi altında "Irşad" qəzetinin 1906-cı il 15, 16 və 20 fevral tarixli saylarında "Üzeyir bəy Hacıbəyov" imzası ilə dərc edilmişdir.
       Bu məqalələrdə Üzeyir bəy ana dili haqqında çox qiymətli fikirlər irəli sürmüşdür. Mühərrir dilini bilməyənlərə istehza ilə yanaşmaqla, onlara "zavallı" deyə məraciət edir, həm də ana dilini öyrənmək üçün həmin "zavallı"lara yollar göstərir. Təbii ki, böyük ədib heç vaxt çox dil bilməyin əleyhinə olmamışdır. Lakin öz dilini bilməyib ərəb, fars, rus, fransız, ingilis dillərində "bülbül" kimi ötənlərə istehza ilə gülmüş, buna qarşı vaxtında mübarizəyə başlamışdır. Üzeyir bəy özü ana dilimizi bütün incəlikləri ilə bilməklə yanaşı, bir neçə dilə – ərəb, fars, türk, tatar, rus, gürcü, ləzgi dillərinə də yiyələnmişdir. Ona görə də istedadlı mühərrir dil məsələsinə tez-tez müraciət etmiş, zəngin, lirik Azərbaycan türkcəsini mükəmməl öyrənmək üçün xalqına faydalı məsləhətlər vermişdir.

       Üzeyir bəy Hacıbəyov "Yeni üsuli-təbii haqqında bir neçə söz" ("Tərəqqi" qəzeti, 6, 8 mart 1909), "Üsuli-təbii" ("Tərəqqi" qəzeti, 1 aprel 1909), "Dilimizi korlayanlar" ("Iqbal" qəzeti 1912) və s. məqalələrdə ana dili məsələlərindən geniş bəhs etmişdir. Məsələn, "Dilimizi korlayanlar" məqaləsində ana dilini korlayanlardan artistlə axundu bərabər qoyaraq yazırdı... Axund belə danışır:
       – Zamani ki, mən burada əglətmişəm, hərgah bir şəxs ki, onun zahiri və batini mənə məlum olmayan surətdə qapıdan daxil olub içəri girdi və mənə salam verdi, hansı ki, mənə aiddir və yainki, aid dökül, onda yəqinlik hasil etmək xaric əz məkandır, mənə fərzdir ki, mən onun salamının cavabında deyəm ki, əleykəssalam!
       Axund bunu demək istəyir ki, tanımadığın bir adam sənə salam versə, salam almaq sənə borcdur. Amma farsdan tərcümə eləyir, dilimizin sərf-nəhvini bilmir, ona görə də mətləb dolaşıq düşür...
       Artistlər də bizim dilimizi bu sayaq korlayırlar: "Bu gün Tağıyevin teatrında oynalılacaqdır suznaq bir faciə "Gaveyi ahəngər", Fasilələrdə çalacaq tarzən və oxuyacaq xanəndə, filanın rolunu oynayacaq məşhur filan artist"...
       Uşaq bazara gedib qoz alır və evə qayıdıb, anasına deyir ki, "Ana, bazardan qoz aldım".
       Amma artist bazardan qoz alıb qayıtsa, anasına belə deyər?
       – Ana, bazardan aldım qoz.
       Teatrlar üçün yazılan elanları savadlı bir adama həvalə etsəydilər, çox əcəb olardı".
       Üzeyir bəy "Tərəqqi" qəzetində dərc etdirdiyi "Üsuli-təbii" (Müxtəsər cavab) məqaləsində ana dilinin gözəlliyinə xələl gətirənlərə cavab olaraq yazırdı: "Qafqazda türk dilini mükəmməl bilənlərdən Əli bəy Hüseynzadə cənabları dəfələrlə qəti surətdə elan etmişdir ki, türk dilində "hansı ki" "hansılar ki" sözü yoxdur. Mən də deyirəm ki, bu sözü tərcümə üsulu ilə dərs verən müəllimlər rusun "kotorıy" kəlməsini tərcümə etmək üçün özlərindən çıxardıblar, onun istemalı lüzumsuz bir ağırlıqdır".
       Dilimizin gözəlliyi, ahəngliyi digər millətlərdən olan alimlərin də diqqətindən yayınmamışdır. Vaxtaşırı onlar da ana dilimiz barədə üz fikirlərini bildirmişlər. Məşhur ingilis dilçisi Maksmüller dilimiz haqqında belə demişdir: "Azəri türkcəsi öz qrammatik formaları, söz ehtiyatı, üslub imkanları ilə barlı-bəhərli ağacı xatırladır. Özü də bu ağac o qədər barlıdır ki, budaqları ağırlıqdan sına bilər...".
       Üzeyir bəy isə "Hansı vasitələrlə dilimizi öyrənib kəsbi-maarif etməliyik" məqaləsində yazırdı: "... Bizim türk lisanımız Avropa üləma və filosoflarının rəyinə nəzərən ən vəsi və kamil bir dildir ki, onun vasitəsilə insan ən ali fikirlərini və ən dəqiq hisslərini bəyanə qadirdir. Belə bir zəngin lisanın sahibi olub da onunla istifadə etməməyin özü böyük bir bədbəxtlikdir".
       Üzeyir bəy Hacıbəyov öz əsərlərində, istər "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" operettalarına, opera əsərlərinə yazdığı librettolarında, istərsə də publisistik yazılarında ana dilimizin bütün qanunlarına riayət etmiş, onun gözəlliyini, zərifliyini, lirikliyini qoruyub saxlamış, hətta bəzi kəlmələrlə, "Heç hənanın yeridir", "Tarixi Nadiri yarıya qədər oxumuşam", "O olmasın, bu olsun" və s. zərb-məsələ dönmüş ifadələrlə dilimizi zənginləşdirmişdir.
       Qərbi Berlində yaşayan həmyerlimiz Eldost 1977-ci ildə Almaniyada Üzeyir Hacıbəyovun həyat və yaradıcılığından bəhs edən (əski əlifba ilə) kitabını nəşr etdirmişdir. Orada Eldost yazır ki, "Məşədi Ibad" əsəri Azərbaycan dilinin şirin, mənalı, gözəl ifadələri və məsəlləri məcmuəsidir. Bu ifadələr bir tərəfdən dilimizin zəngin, mükəmməl bir dil, o biri tərəfdən isə Üzeyir bəy Hacıbəyovun xalq dilinə bağlı və yüksək qələm sahibi olmasını nümayiş etdirir".
       Üzeyir bəy Hacıbəyovun yaradıcılıq irsi ümmansız bir dəryanı xatırladır. Nə zaman o dəryaya baş vurursansa, oradan çox qiymətli ləl-cəvahiratla geri dönürsən. Nə qədər həyat var, yer üzərində yaşayış var, Üzeyir bəy də var və yaşayacaqdır. Gələcək nəsillər də o dəryanın böyüklüyündən səxavətlə istifadə edəcəklər və yenə də tükənməyəcək.








Copyright by Musigi dyniasi magazine
(99412)98-43-70