AZƏRBAYCAN BƏSTƏKAR İTTİFAQINDA:        
Qənclərin yaradıcılıq forumu     


      

ənc bəstəkarların yaradıcılığına həsr olunmuş festival və simpoziumların keçirilməsi artıq ənənəyə çevrilmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının Gənclər və İdman Nazirliyi ilə birgə vaxtaşırı təşkil etdiyi bu cür tədbirlər musiqimizdə gedən prosesləri izləmək, gənclərin yaradıcılıq laboratoriyasına, axtarışlarına dərindən və ətraflı nəzər salmaq baxımından son dərəcə zəruri və təqdirəlayiqdir.

1999-cu ilin oktyabr ayında Zağulba istirahət zonasının "Gənclik Beynəlxalq mərkəzi"ndə 5 gün davam etmiş növbəti festival gənc Azərbaycan bəstəkarlarının ən müxtəlif janrlarda bəstələdiyi əsərləri dinləyicilərin mühakiməsinə verdi. İştirakçılar üçün yaradılmış gözəl şərait, yaxından ünsiyyət saxlayıb fikir mübadiləsi yürütmək imkanı bu tədbirin ən diqqətəlayiq cəhətlərindən biri idi. Beş gün ərzində konsert proqramlarında dinlənilmiş əsərlərin janr diapozonu kifayət qədər rəngarəng idi. Canlı ifa olunmuş bir sıra kamera-instrumental, kamera - vokal əsərləri, mahnılarla yanaşı, bəzi nümunələr lent yazısında təqdim olundu. Akademik janrlar fortepiano əsərləri - Məmməd Cəfərovun 2 prelüdü, İlham Abdullayev və Ceyhun Allahverdiyevin Sonataları, Xədicə Zeynalovanın Variasiyaları, İlham Azmanlının "Fərqli üslubda iki sonatası" ilə, kamera ansamblı Lalə Cəfərovanın Fortepiano və skripka üçün pyesi, Ceyhun Allahverdiyevin skripka və fortepiano üçün Sonatası, Yusif Mirişlinin violonçel və fortepiano üçün "İmpressio" əsəri ilə, kvartet janrı isə Lalə Cəfərovanın və Xədicə Zeynalovanın kvartetləri ilə təmsil olunmuşdu. Bundan başqa lent yazısında simfonik musiqi nümunələri - Yalçın Məlikovun estrada - simfonik orkestri üçün "Dünyaya pəncərə" pyesi, Sərdar Fərəcovun simli orkestr, arfa və fortepiano üçün Məleykə Hacıbəyovanın xatirəsinə "Oxunmamış layla" əsəri dinlənildi.

Festival gənc bəstəkarların kamera-vokal və mahnı janrındakı axtarışlarını da nümayiş etdirdi. Konsertlərdə Məmməd Cəfərovun "Həsrət" və "Vida" romansları (Nazim Hikmətin sözlərinə), Yunis İmrənin sözlərinə yazılmış mahnısı, Nadir Əzimovun, Günel Əlizadənin, Yalçın Məlikovun, Vüqar Camalzadənin, Elza Seyidcahanın, Sərdar Fərəcovun, Sevda Məmmədlinin, Azad Ozan Kərimlinin müxtəlif səpkili və üslublu mahnıları səsləndi.

Festivalın məziyyətlərindən biri onun işinə artıq yetkinləşmiş, öz qələmini ən müxtəlif janrlarda cəsarətlə sınamış gənclərlə yanaşı Bakı Musiqi Akademiyasının tələbə və aspirantlarının cəlb olunması idi. Sənətdə ilk kövrək addımlarını atan bu cavanlar üçün hazırki tədbir yaxşı sınaq imtahanı oldu.

Dinlənilən çoxsaylı əsərlər Festivalın son günü keçirilmiş simpoziumun əsas müzakirə mövzusuna çevrildi. Musiqimizin gələcəyi hansı istiqamətdə inkişaf edəcək? Onu hansı perspektivlər gözləyir? Gənclərin axtarışlarında gözəçarpan tendensiyalar hansılardır?

Bu suallara müəyyən qədər cavab verən simpoziumdakı çıxışları oxucularımızın nəzərinə çatdırırıq.

Vasif ADIGÖZƏLOV, bəstəkar,
Azərbaycan Bəstəkarlar İttifaqının Birinci katibi

-Azərbaycan Bəstəkarlar İttifaqının Gənclər və İdman Nazirliyi ilə müştərək keçirdiyi bu ilki festival və simpozium əhəmiyyətinə, masştabına görə çox dəyərli və lazımlı bir tədbir təəssüratı bağışladı. Biz, gənclərin yeni axtarışları ilə tanış olduq. Əlbəttə, çox istərdik ki, musiqinin daha çox janrlarını, xüsusən simfonik əsərləri də əhatə etmiş olaq. Təəssüf ki, hal-hazırkı zamanda bir çox problemlər, ilk növbədə, maddi vəsaitin çatışmazlığı belə tədbirlərə simfonik orkestri cəlb etməyə imkan vermir. Lakin biz gələcəkdə bu problemi, qismən olsa da, həll etmək niyyətindəyik. Çünki gənc bəstəkar öz simfonik əsərini yalnız təsəvvüründə deyil, canlı ifada da eşitməlidir. Bütün əsərlər çalınmaq üçün bəstələnir; əks təqdirdə simfonik janrların gələcək inkişafında boşluq, durğunluq yarana bilər. Belə ki, öz əsərini çaldıra bilməyən bəstəkar istər-istəməz bir daha simfonik janrlara müraciət etməyəcək. Bu isə, zənnimcə yolverilməzdir. Festival və simpoziumların böyük əhəmiyyəti bir də ondan ibarətdir ki, gənclər bir-birilə təmasda olub, yaxından ünsiyyət etmək imkanı qazanırlar. Belə tədbirlər əsil yaradıcılıq mənbəyidir. Şəxsən, mənim üçün dinlədiyim əsərlər, yeni bir aləm açdı. Mən daxilən bəhrələndim, yenilik ab-havası duydum. Yadıma Qara Qarayevin müəllimlik sənəti barədə dedikləri düşdü. Bilirsiniz ki, onun böyük şəxsiyyət kimi fəaliyyət dairəsi də son dərəcə geniş idi. Lakin başının çox qarışıq olmasına baxmayaraq Qara Qarayev müəllimlikdən heç vaxt əl çəkmirdi. Müəllimlik Sizi yormurmu? - sualına həmişə cavab verirdi ki, əksinə, mən ən çox dərs zamanı dincəlirəm. Bu sözlərdəki həqiqəti mən, vaxt ötdükcə daha çox anlayıram. Doğrudan da, gənclərlə təmas çox faydalıdır. Onların yaradıcılığı yeni bir keyfiyyətlə bağlıdır. Fürsətdən istifadə edib, mən cavanlara bir tövsiyyəni də çatdırmaq istərdim. Buna həm yaşım, həm də yaradıcılıq təcrübəm yol verir. Təvazökarlığı unutmayın və özünüzə qarşı çox tələbkar olun. Kiminsə yaradıcılığından, əsərindən xoşunuz gəlməsə də, ona höprmət etməyə borclusunuz. Çünki yaradıcılıq prosesi özü müqəddəs bir prosesdir və bir-birinizə nə qədər çox hörmət etsəniz, bir o qədər udmuş olarsınız.

 

Azad Ozan KƏRİMLİ, bəstəkar:

-Bu vestivalda mən bir çox gənc bəstəkarın əsərinə maraqla qulaq asdım. Cavanlarla ünsiyyət çox xeyirlidir və bu ünsiyyət adama məsuliyyət hissi aşılayır. Festivalda ən müxtəlif janrlarda bəstələnmiş əsərlər səsləndi. Lakin mən ilk növbədə ciddi musiqidən, yəni iri həcmli nümunələrdən danışmaq istərdim. Bəzi əsərlər xüsusilə diqqətimizi cəlb etdi. Hiss olunurdu ki, onların müəllifləri öz yolunu tapmağa çalışırlar. Bu keyfiyyət Ceyhun Allahverdiyevin sonatasına xas idi. Gənc müəllif indiyədək sınaqdan çıxmış forma daxilində öz intonasiyasını tapmağa çalışır. Əlbəttə, burada ənənəvilik var, Prokofyev sonatalarının təsiri duyulmaqdadır. Lakin intonasiya baxımından milli qaynaqlara dayaqlanma duyulur. İlham Azmanlının "Fərqli üslubda iki sonata"sını da qeyd etmək istərdim. Düzdür, əsərin adı ilə razı deyiləm. Çünki müəllif onları silsilə kimi nəzərdə tutmasına baxmayaraq, bu sonataların hər biri ayrı-ayrılıqda müstəqil əsərdir və konsertlərdə ayrıca ifa edilə bilər. Digər tərəfdən, biz həmişə eklektik musiqidən, müxtəlif səpkili üslubların sintezindən, vəhdətindən danışırıq və İlhamın bu yolda bəzi tapıntılarını müşahidə etdim. Bəstəkar fortepianonun tebr boyalarından, akustik imkanlarından kənara çıxmağa çalışır və müxtəlif üslubları, intonasiyaları qaynaq edir, calaşdırır. Mən Yusif Mirişlinin tələbə işləri ilə tanış idim. Lakin sonralar yazılan əsərlərini eşitməmişdim. Bu festivalda onun Violonçel üçün "İmpressio" əsəri səsləndi. Burada da milli qaynaqlardan faydalanma çox üzvü şəkildə baş verib. Ümumiyyətlə, millilikdən faydalanmaqdan qorxmaq lazım deyil. Qoy bu sahədə ənənəvilik olsun, axı akademizmin özündə də sağlam ünsürlər tapıb gələcəyə doğru getmək olar. Biz sosioloji sorğu keçirəndə belə bir sualla gənc bəstəkarlara müraciət etdik ki, "hansı müasir texnologiyalara üstünlük verirsiniz?" və cavabında ilk növbədə milli qaynaqları qeyd edirdilər. Çünki hamı yaxşı başa düşür ki, bu yol ən səmərəli və uğurlu nəticə verə bilər. Bu baxımdan hələ təhsilini davam etdirən Vüqar Camalzadənin əsərlərindəki faktura, ritm-intonasiya axtarışları çox maraqlı göründü. Bu festivalda Məmməd Cəfərovun fortepiano prelüdləri və romansları səsləndi və onlar gənclik təravəti ilə xoş təsir bağışladı. Məmməd keçdiyi əzab-əziyyətli yolda öz dönməzliyini nümayiş etdirdi. Xoşa gələn cəhətlərin biri də odur ki, o, öz əsərlərinin ifasına canyanğısı ilə xüsusi diqqət yetirir. Mən onun Nazim Hikmətin sözlərinə romanslarını qeyd etmək istərdim. Ümumiyyətlə, bəstəkarlarımızın yazdığı bütün vokal nümunələri mən təqdir edirəm və vokal musiqiyə daha çox fikir verməyə çağırıram. Çünki bizim məhz bu sahədə itkilərimiz var. Ü.Hacıbəyov, F.Əmirov, Q.Qarayev və digər klassiklərimizin bu sahədəki axtarışlarından sonra Azərbaycan musiqisində bir qədər boşluq yaranmışdır. Daha çox instrumental musiqiyə fikir verilib. Biz bu sahədə repertuar yaratmalıyıq. Uşaqlar üçün xor repertuarı hələ yaradılmayıb. Nəinki xor, ümumiyyətlə, başqa janrlarda da hələ pedaqoji repertuar çox azdır. Bu problem öz həllini gözləyir. Xüsusilə də vokal janrlarda. Nə qədər çox romans, xor nümunələri yaransa, gələcəkdə opera kimi mürəkkəb janra yaxınlaşmaq asan olar. Biz vokal musiqisi yazmağa yadırğamamalıyıq. Yaxşı xatırlayıram, 1972-ci ildə mən, Cavanşir Quliyev və bir sıra bəstəkarlar "Varşava payızı" festivalına getmişdik. Orada səslənən müasir operalar və vokal nümunələri bizi heyran etmişdi.Xatirimə həmişəlik həkk olunan hadisələrdən biri də festivalın açılışında Lyutoslavskinin rəhbərliyi ilə Polşa himninin oxunması idi. Bu himndə belə sözlər var idi ki, "nə qədər biz sağıq Polşa məhv olmayacaq". Mən isə öz növbəsində demək istəyirəm ki, nə qədər biz bəstəkarlar varıq, Azərbaycan musiqisi süqut etməyəcək.

Məmməd CƏFƏROV, bəstəkar:

-Bu ağır gündə vəsait tapıb bizi bir-birimizlə görüşdürdüyünə görə Gənclər və İdman Nazirliyinə, Bəstəkarlar İttifaqına öz dərin minnətdarlığımı bildirirəm. Mən Gəncədə yaşayıram və, doğrusu, çox vaxt fikirləşirdim ki, gənc bəstəkarların fəaliyyəti dövrün çətinliklər ilə əlaqədar səngiyib. Lakin bu festivalda eşitdiklərim belə bədbin proqnozları alt-üst etdi. Əksinə, çox fəal çalışmalar gördüm. Hansısa böyük yeniliklərdən, novatorluqdan söhbət getmir. Lakin güclü ənənə var, yüksək peşəkarlıq itməyib, möhkəm məktəb hiss olunur. Ceyhun Allahverdiyevin, Yusif Mirişlinin, Sərdar Fərəcovun əsərləri buna bariz misaldır.

Mina HACIYEA, musiqişünas:

-Belə forumlar, bəstəkar yaradıcılığına çox böyük köməkdir. Yaxşı olardı ki, əsərlər ətrafındakı müzakirələr hər konsertdən sonra təşkil olunsun. Bu zaman təhlil daha konkret, daha dərin olardı. İndiki bəstəkar-gənclərin qarşısında çox çətin problemlər durur. Onlar bizim musiqini yeni XXI əsrdə təmsil edəcəklər. İntonasiya və janr problemini həll etmək onların üzərinə düşəcək. Əsrlərlə formalaşan janrlarda dəyişikliklər baş verməlidir və ola bilsin ki, ciddi musiqinin yeni janrları yaransın. Bunu gələcək göstərəcək. Qulaq asdığım əsərlərin bəzisində mən əsas ideyanı, əsas fikri hiss etmədim. Bir sıra əsərlər sadəcə not yığımı idi və onları sonadək dinləmək olmurdu. Hər bir bəstəkar əsəri yazmağa başlamazdan qabaq dərindən düşünüb-daşınmalıdır ki, hansı fikirləri dinləyiciyə çatdırmaq istəyir. Əks təqdirdə dinləyici ilə ünsiyyət alınmayacaq.

Vüqar CAMALZADƏ, bəstəkar:

-Belə festivalın artıq ikincisində iştirak edirəm. Bir sıra müahizələr aparmışam. Festivalın bizə verdiyi ən xeyirli cəhətlərdən biri də odur ki, özümüzü bilavasitə respublikanın vətəndaşı hiss edirik. Çünki bəzən bu, yalnız arxamızla hərbi komissarlıqdan gəldikdə üzə çıxır. Burada iştirak edənlər kifayət qədər intellektual adamlardır və hərə öz musiqisinin hansı səviyyədə olmasını daha yaxşı bilir. Bir çox əsərlər müəllim nəzarəti ilə yazılmış musiqi nümunələri idi. Ona görə də onlar barədə xüsusi fikir yürütmək çətin olur. Müəllimsiz yazılmış, sərbəst əsərlər haqqında ciddi danışmaq mümkündür. Yaxşı musiqi də var idi, inkişafına ehtiyac duyulan əsərlər də eşitdik. Mənə elə gəlir ki, olan səhvlər intonasiya qıtlığından irəli gəlirdi, və yaxud dünyagörüşünün darlığı ilə bağlı idi. Bu problemlər öz həllini tapmalıdır və yəqin ki, tapacaq. Vaxt gələcək və biz də bir musiqi fədailəri kimi hansısa tələbələrə dərs deyəcəyik, kiminsə müəllimi olacağıq. Buna layiq olmağa özümüzdə təpər tapmalıyıq. Bu yolda hamıya uğurlar diləyirəm.

Lalə HÜSEYNOVA, musiqişünas:

-Mən görürəm ki, bəzi bəstəkarlar danışmaqdan, söz deməkdən çəkinirlər. Onlar belə hesab edir ki, yalnız musiqi ilə öz fikirlərini ifadə edə bilərlər. Zənnimcə, bu bir qədər yanlış mövqedir. Musiqi tarixindən yaxşı məlumdur ki, ən güclü musiqi tənqidçiləri və nəzəriyyəçiləri elə bəstəkarların özü olub. Şuman, Vaqner, Berlioz, Çaykovski və bir çox başqaları həm də gözəl musiqişünas idi. Azərbaycan musiqi mədəniyyətində dahi Üzeyir Hacıbəyovun nəzəri tədqiqatları, məqalələri fikrimizi bir daha sübut edir. Ona görə də əgər sizlər özünüzdə bu istedadı hiss edirsinizsə, bu fəaliyyətdən qaçmaq lazım deyil. Çünki bəstəkar müşahidələri daha sərrast olur. Bu günkü müzakirələrdə daha çox necə deyərlər, "ciddi" janrlardan danışıldı və mahnılara toxunulmadı. Halbuki bu festivalda kifayət qədər müxtəlif üslublu, müxtəlif səviyyəli mahnı səsləndi. Əvvəla, mən mahnının yüngül musiqi kimi qiymətləndirilməsinin əleyhinəyəm. Janrların ciddi və ya qeyri-ciddisi, yüngülü yoxdur. Yaxşı olardı ki, musiqi janrları akademik və populyar janrlara ayrılsın. Çünki biz özümüz mahnıya yüngül musiqi deyə-deyə axırda onu elə qeyri-ciddi insanların əlinə vermişik. Son zamanlar bu sahəyə nəinki peşəkar bəstəkar savadı olmayan, ümumiyyətlə, heç bir musiqi savadı olmayan insanların axını narahatlıq doğurmaya bilməz. Peşəkar bəstələr "ordusuna" qarşı böyük bir həvəskarlar "ordusu" yaranıb. Mahnını efirə çatdırmaq son dərəcə asanlaşıb. Daha bunun üçün 15-16 il oxumaq, Bəstəkarlar İttifaqının üzvü olmaq, onun rəyini almaq, habelə bədii şuranın müzakirəsindən keçmək lazım deyil. Bütün səddlər aradan götürülüb. Zənnimcə, bu məsələyə Bəstəkarlar İttifaqı öz münasibətini bildirməlidir. Festivalda səslənən mahnılarda isə hiss olunurdu ki, istər intonasiya, istər forma baxımından axtarışlar gedir. Məlumdur ki, intonasiya musiqinin əsas komponentlərindəndir və o, təravətli, maraqlı olmayanda nəinki mahnıda, ümumiyyətlə musiqidə özünəməxsusluqdan, orijinallıqdan danışmaq çox çətindir.

Mahnıların mətnlərinə gəldikdə isə burada bir qədər bəsitlik nəzərə çarpırdı. Mətnin özü də təravətli, samballı olmalıdır. Düzdür, burada eşitdiyim bəzi mahnıların içərisində ciddi münasibət duyulurdu. Məsələn, Məmməd Cəfərovun mahnısı Yunis İmrənin çox dərin mənalı sözlərinə yazılmışdı və yaxud Sərdar Fərəcovun mahnı balladası "Dədə Qorqud"dan bəhrələnmişdi. Elza Seyidcahan isə "Toy adamları" mahnı-kompozisiyasında Molla Pənah Vaqifin yaradıcılığına üz tutmuşdu. Bu cür mətn axtarışlarını ancaq alqışlamaq olar.

Beş gün ərzində biz akademik janrlarda bəstələnmiş bir çox əsərlərlə tanış olduq və onların arasında tələbə işləri az qala üstünlük təşkil edirdi. Əlbəttə, burada qəbahətli heç bir şey yoxdur. Lakin unutmaq lazım deyil ki, tələbə ikən yazılan əsərlərdə bu və ya digər janrın mənimsənilməsi prosesi gedir. Məsələn, kvartet yazmaqdan qabaq adətən müəllimin tapşrığı ilə klassik nümunələr nəzərdən keçirilir və o çərçivədə də əsər yazmaq tələb olunur. Təbii ki, bu prosesdə müəllimin rolu və təsiri çox böyük ola bilər. Ona görə də belə əsərlərə qiymət vermək çox çətindir. Düzdür, dahilərin tələbə işləri də dahiyanə olmuşdur. İndi söhbət bundan getmir. Lakin çalışmaq lazımdır ki, belə forumlarda tələbə işləri mümkün qədər az olsun.

Son zamanlar gənclərin əsərlərinin çox az çalınması elə təsəvvür yaradırdı ki, bu sahədə bir qədər durğunluq yaranıb. Fikirləşirdik ki, bəstəkarlıq sahəsində yüz ildə nə əldə etmişiksə, elə bundan sonra da həmin nailiyyətlərə arxalanıb o səviyyəni saxlasaq, bu özü böyük bir uğurdur. Lakin həyat göstərir ki, istedad üzə çıxanda və onun möhkəm dayaqları, qaynaqları olanda yeni keyfiyyət əldə oluna bilər.

Festivaldakı əsərlərin bəzisində mən yenilik axtarışlarını hiss etdim. Ceyhun Allahverdiyevin musiqisi çox yaxşı təsir bağışladı. Burada güclü məntiq, möhkəm dramaturgiya var idi. Bəstəkarın potensialı böyükdür və o, yolundan dönməsə, öz axtarışlarında heç yerə "yuvarlanmasa" böyük uğurlar qazana bilər. Yusif Mirişlinin violençel və fortepiano üçün "İmpressio"su maraqla dinlənildi. Bu əsərlərə qulaq asanda dinləyicinin fikri də yayınmırdı və bu özü də yaxşı göstəricidir. Mən Məmməd Cəfərovun fədakar əməyini xüsusi qeyd etmək istəyirəm. Əyalət şəhərində yaşayıb yardıcılıqla məşğul olmağın özü hal-hazırda böyük bir qəhrəmanlıqdır.

Ümumiyyətlə, musiqi sənəti indi elə bir inkişaf səviyyəsinə gəlib çatmışdır ki, yeni üslub yaratmaq, təzə söz demək son dərəcə çətinləşib. Musiqişünaslıqda hətta belə bir fikir formalaşıb ki, mövcud üslubların qovşağında, onların axarında nə isə bir yeni keyfiyyət əldə etmək mümkündür. Ancaq bizim xalq musiqimizin imkanları, milli təməlimiz o qədər zəngin və güclüdür ki, ona dayaqlanaraq çox nailiyyət qazana bilərik. Qara Qarayevin gözəl bir fikri var idi: o, xalq musiqisini neft yataqlarına bənzədirdi. O deyirdi ki, vaxtilə nefti torpağın üzündən yığmaq olardısa, indi çox dərinə qazmaq lazımdır və xalq musiqisindən istifadə buna oxşar bir vəziyyətdədir. Bizim xalq musiqimizin, istər lad - intonasiya baxımından, istərsə də forma, quruluş baxımından açılmamış qatları hələ kifayət qədərdir və gənc bəstəkarlar bunu nəzərə almalıdırlar. Azərbaycan musiqisi yol ayrıcındadır. Onun hansı tərəfə üz tutacağı artıq yeni nəsildən asılıdır.

Vasif ADIGÖZƏLOV:

-Lalə xanım çox vacib bir məsələyə toxundu. Doğrudan da, mahnı janrına münasibət çox ciddi olmalıdır. Çünki mahnı musiqinin həm populyar, həm də ən çətin janrıdır. Üç dəqiqə ərzində bəstəkar nə isə bir təzə söz deməlidir. Əgər yeni söz demirsə, deməli o mahnı yaşamayacaq. Bu, isbat olunmuş bir həqiqətdir. Mahnının mətninə, vurğulara xüsusi fikir verilməlidir. Azərbaycan sözləri adi danışıqda necə deyilirsə, mahnıda da elə oxunmalıdır. Vurğuların yerini dəyişmək yolverilməzdir. Bu yaxınlarda mən "Rast" qrupunun ifasında Fikrət Əmirovun "Reyhan" mahnısına qulaq asdım və çox məyus oldum. Mahnını bu cür alt-üst etməyə heç kimin ixtiyarı yoxdur. Əlbəttə, onu yeni tərzdə aranjiman etmək olar. Məsələn, Müslüm Maqomayev böyük zövqlə Ü.Hacıbəyovun "Sənsiz" və "Sevgili canan" romanslarını vaxtilə estrada-simfonik orkestr üçün aranjiman etmişdi. Lakin melodiyaya əl vurub vurğuların yerini dəyişmək, heç bir məntiqə sığmır. Əcaib sözlər əmələ gəlir. Əgər bəstəkar bunu yolverilən bir hal kimi qiymətləndirirsə, o, çox səhv edir. Belə sözlər dinləyicidə ancaq nifrət hissi oyadır. Sözlə işləyən bəstəkar onun daxili dramaturgiyasını saxlamağa, sözün daxili musiqisini tapmağa çalışmalıdır. Sözü məcburən musiqiyə təslim etmək olmaz. Azərbaycan dilini bilən peşəkar bəstəkar buna yol verməməlidir.

Ceyhun ALLAHVERDİYEV, bəstəkar:

-Çıxışımın əvvəlində mən, Bəstəkarlar İttifaqına və Gənclər Nazirliyinə öz dərin təşəkkürümü bildirirəm. Birinci dəfədir ki, belə tədbirdə iştirak edirəm. Festival məndə böyük təəssürat yaratdı. Çünki burada bəstəkar üçün lazım olan hər cür şərait var. Gözəl təbiət, dəniz yaradıcılığa səsləyir. Habelə bir çox qiyabi tanıdığım bəstəkarlarla səmimi tanış oldum. Aramızda yaş həddi olmasına baxmayaraq, hamımız bir ailə kimi yaşadıq. Musiqi dinlədikdən sonra söhbətimiz daim yaradıcılıqdan gedirdi. Burada biz yüksək səviyyədə fikir mübadiləsi etmək imkanı qazandıq. Hərdən aramızda yaradıcılıqla bağlı kiçik mübahisələr də olurdu. Bu da təbiidir. Mübahisə və mübarizə olmasa həqiqət də üzə çıxmaz, inkişafda olmaz. Mən fəxr edirəm ki, bizim çox şaxəli bəstəkarlıq məktəbimiz var. Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Arif Məlikov, Xəyyam Mirzəzadə, Vasif Adıgözəlov kimi sənətkarlarımız var və ən gözəl cəhət də odur ki, bu bəstəkarların heç biri bir-birinə bənzəmir. Bəstəkarlıq kafedrasında işləyən müəllimlərin tələbələrinin də əsərləri, üslubu bir-birinə bənzəmir. Hər bir müəllimin tələbəsi istər-istəməz onun yolunu davam etdirir. Bu çox təqdirəlayiqdir. Mən, Lalə xanımın bir fikri ilə razıyam ki, xalq musiqisinə çox fikir verməliyik. Dünya musiqisini mənimsəyib, Avropada öyrənərək öz musiqimizə qayıtmağı bacarmalıyıq. Çünki ənənəvi musiqimizdə öyrənilməli, dərk olunmalı hələ çox şey var. Burada bir çox əsərlər barədə məndə gözəl fikirlər yarandı. İlham Azmanlının "Fərqli üslubda iki Sonatası" çox xoşuma gəldi; burada doğrudan da, mən, fərqli cərəyanları hiss etdim. Bəstəkar öz yolunu tapmaq üzrədir. Çox istərdim ki, İlham öz arzusuna çatsın və sonatalar silsiləsi yazsın. Çünki bizim Azərbaycan musiqisində belə silsilələr yoxdur. Ümumiyyətlə, bu janrda çox az musiqi bəstələnib: hər bir bəstəkarın bir və ya iki sonatası var. Əlbəttə, yaxşı olardı ki, Bethovenin "82 sonata"sı kimi bir silsilə yaransın. Bu olmasa da, heç olmasa 10-15 sonata silsilələri yaransın. Biz öz fortepiano repertuarımızı yaratmalıyıq. Bu zaman musiqi məktəblərini, uşaqları da yaddan çıxarmamalıyıq. Musiqi ilə təmas uşaqlıqdan başlayır. Mən uşaq vaxtı Fikrət Əmirovu, Qara Qarayevi eşitməsəydim, bəlkə də bəstəkar olmazdım. Mən arzu edərdim ki, biz yüksək nailiyyətlər haqda düşünərkən, uşaqları da yaddan çıxarmayaq. Bir də çox istərdim ki, belə görüşlər beynəlxalq səviyyədə keçirilsin, müxtəlif ölkələrin nümayəndələri ilə görüşüb, fikir mübadiləsi edək.

rdar FƏRƏCOV, bəstəkar:

-Bu günkü müzakirələri dinlərkən, bir neçə il bundan qabaq tanış olduğum SSRİ Bəstəkarlar İttifaqının 1948-ci ildə keçirilmiş məşhur Plenumunun materiallarını xatırladım. Kitab şəklində dərc olunmuş bu sənədlər təsadüfən əlimə düşmüşdü və mən böyük maraqla onlarla tanış oldum. Tarixdən bilirdim ki, o zaman bəzi böyük bəstəkarlar bu plenumda nahaqdan tənqid olunmuş, onlara qarşı qərəzli hücumlar edilmişdi. Belə qərəzli, şübhəli, ötəri fikirlər, doğrudan da, bu kitabda kifayət qədər idi. Lakin, eyni zamanda, müzakirələr zamanı musiqi əsərləri ən müxtəlif aspektlərdən, çox əsaslı şəkildə təhlil edilmiş, son dərəcə tutarlı müddəalar irəli sürülmüşdü. Mənim üçün Qoldenveyzer, Qnesin kimi musiqiçilərin fikirləri çox maraqlı idi. Bu fikirlər indi də müasir səslənir. Və mən o vaxt qəribə həsəd hissi keçirdim, arzuladım ki, kaş bizim Bəstəkarlar İttifaqında da belə dəyirmi stol keçiriləydi! Bu günkü müzakirələr də belə maraqlı ola bilər. Əlbəttə, yaxşı olardı ki, hər konsertdən, hər dinləmədən sonra isti-isti əsərləri təhlil edək, bilavasitə notları nəzərdən keçirək. O zaman söhbət daha konkret alınardı.

Mən Vasif müəllimin bir fikri ilə çox razıyam ki, hal-hazırda bizim musiqidə qeyri-peşəkarlıqdan danışmaq mümkün deyil. Azərbaycan bəstəkarlıq məktəbində peşəkarlıq artıq çoxdan qazanılmış səviyyədir. Mənim burada eşitdiyim bütün əsərlər yüksəu professional səviyyədə idi. Zövqlər başqa ola bilər, münasibət fərqlənə bilər. Ancaq əsərlərin səviyyəsinə söz yoxdur. Mən Lalə xanımın o sözü ilə razı deyiləm ki, tələbə əsəri bir qədər qeyri-ciddi qəbul olunmalıdır. Çünki tarixdən elə tələbə işləri məlumdur ki, onlar artıq klassikadır. Mən inanıram ki, bu gün burada əyləşən tələbələrin və yaxud dünənki tələbələrin əsərləri, şübhəsiz, zaman keçdikcə hansısa ifaçının və ya dirijorun repertuarında özünə möhkəm yer tutacaq. Çünki əsərlərin səviyyəsi buna yaxşı zəmin yaradır. Eşitdiyim tələbə işlərindən Lalə Cəfərovanın və Xədicə Zeynalovanın kvartetləri çox gözəl təəssürat yaratdı. Burada janra ciddi münasibət var, fikri yaradıb davam etdirmək hünəri var. Mənim üçün Yusif Mirişlinin əsərlərini dinləmək çox maraqlı idi. Onun violonçel və fortepiano üçün "İmpressio" əsərində öz üslubunu tapmaq istiqamətində əhəmiyyətli bir addım nəzərə çarpır. Yusifin musiqi dilinin kristallaşması prosesi hiss olunur. Zənnimcə, bu əsər Yusif Mirişlinin yaşaya bilən ən yaxşı əsərlərindən biridir. İlham Azmanlının sonatalarını əvvəllər eşitmişdim və rəyim də o vaxtdan müsbətdir. Ceyhun Allahverdiyevin əsərləri mənim üçün əsil tapıntı oldu.Xüsusilə, onun skripka və fortepiano üçün Sonatası diqqətimi cəlb etdi. Həm bu əsər, həm də fortepiano sonatası yaşamağa layiq çox gözəl əsərlərdir. Müəllif onların taleyi barədə tam arxayın ola bilər. Məmməd Cəfərovun çox səmimi yazılmış romanslarını qeyd etmək istərdim. Onlar müasir və təravətli səslənirdi. Digər gənc bəstəkarların da əsərləri ancaq məmnunluq doğurur. Ümumiyyətlə, professionallıq və ciddilik baxımından bu ilki forumu mən çox yüksək qiymətləndirirəm.

Yusif MİRİŞLİ, bəstəkar:

-Açığını deyim ki, bilavasitə hər konsertdən, dinləmədən sonra yığışıb müzakirə, diskussiya açsaydıq, qızğın mübahisə etsəydik, daha maraqlı və səmərəli olardı.

Çünki bütün bu günlər nəzəriyyəçilərlə bəstəkarlar arasında, demək olar ki, heç bir əlaqə yox idi. Eşitdiyimiz əsərlər barədə yalnız bu gün ətraflı söhbət açmışıq. Bəs bu əsərlər məndə necə təəssürat oyatdı? Əvvəla, dinlədiyim əsərlərin yarısında əsil Azərbaycan intonasiyası yox idi. Əksinə, bolluca ümumi yerlər eşitdim. Forma var idi, lakin onu möhkəm saxlaya bilən intonasiya yox dərəcəsində idi. Tələbə işlərinə gəldikdə isə, mən onları müstəqil yazılmış əsərlərdən ayırmıram. Əsərin nə vaxt, tələbəlik illərindəmi və yaxud sonra yazılmasının heç bir fərqi yoxdur. Musiqiyə, işə münasibət, hər iki halda dərhal bilinir.

Yalçın MƏLİKOV, bəstəkar:

-Mən də ilk növbədə festivalın təşkilatçılarına öz təşəkkürümü bildirirəm. Buradakı bəstəkarların çoxu ilə tanışam, tez-tez Musiqi Akademiyasında görüşürük. Lakin bu dəfə ünsiyyətimiz daha yaxın, daha səmimi oldu. Səslənən əsərləri saf-çürük etmək imkanı qazandıq. Həyat özü təzadlardan ibarətdir və ağ-qara tendensiyası göstərilən əsərlərdə də özülü büruzə verdi. Əsərlər üçün ən yaxşı, həlledici hakim zaman olacaq. Vaxt hər əsəri öz yerinə qoyacaq. Hər bir bəstəkar isə öz yolunu tapmağa çalışmalı və bu yolu azmamalıdır. Yeni əsər bəstələrkən ən yüksək zirvəni nişan almaq lazımdır. Öz sənətinə ancaq belə münasibətdə nə isə əldə etmək olar.

Cavanşir QULİYEV, bəstəkar:

-Əziz dostlar, mən Bəstəkarlar İttifaqı tərəfindən festivalın işinə rəhbərlik edən bir adam kimi öz mülahizələrimi, yekun sözümü deməyi özümə borc bilirəm. Bu tədbiri keçirməkdə əsas məqsədimiz, ilk növbədə arxadan gələn nəslin potensialını yoxlamaq idi. Mən bir vətəndaş kimi çox istəyirəm ki, bizdən sonra gələnlər bizdən də yaxşı olsunlar. Cavan ikən insan özünə çox arxayın olur və fikirləşir ki, o, hamıdan üstündür. Bu təbii bir hissdir. Lakin yaşa dolduqca anlayırsan ki, arzu ilə real həyat və real nəticə arasında çox böyük uçurum var. Çalışmaq lazımdır ki, bu uçurum yaranmasın və ya o, çox dərin olmasın. Əvvəllər bizim məmləkətimiz SSRİ-nin tərkibində idi və çox şeylər bizdən asılı deyildi. İncəsənət və musiqi də dövlətin ümumi siyasətinin axarında gedirdi. İndi daha müstəqilik, yaradıcılığımız da azaddır. Bəstəkarların problemləri ilə Bəstəkarlar İttifaqı məşğul olur. Bu cür tədbirlər, simpoziumlar keçirəndə, hamımız istəyirik ki, hər şey yüksək səviyyədə, nöqsansız keçsin. Mən çıxış edən gənclərdən çox xahiş edərdim ki, çıxışlarını İttifaqa təşəkkürlə başlamasınlar. Əlbəttə, minnətdarlıq hissi təbiidir: beş gündür ki, gözəl şəraitdə, dənizin kənarında istirahət edirsiniz. Lakin təşəkkürbazlığın yeri deyil. Çünki bu cür tədbirləri təşkil etmək həm Bəstəkarlar İttifaqının, həm də Gənclər Nazirliyinin birbaşa borcudur. Bu, onaların fəaliyyət növlərindən biridir. Mən bu festivala çox ciddi yanaşmışam və mənim üçün hər şey maraqlı idi. Hətta uğursuz əsərlər də. Çünki uğursuz əsər özü də bir nəticədir. İştirakçılara bir iradım var; belə tədbirlərə gələndə mütləq notları gətirsinlər. Bu, adicə qala-konsert deyil, ciddi tədbirdir və notlar göz qabağında olmalıdır. Çox arzu edirdim ki, buada mən heç olmasa bir neçə əsərdə yeni keyfiyyət görüm və ya yeni keyfiyyətin işartılarını görüm. Müəyyən qədər uzaqdan belə işartıları görünən əsərlər eşitdim. Ancaq mən onları daha dəqiq görmək istərdim. Dünyada çox adam bəstəkarlıqla məşğul olur və əgər biz də bu işlə ciddi məşğul oluruqsa, deməli, yeni nəticə əldə etmək istəyirik. Bu məqsəd mütləq olmalıdır. Dinlədiyim əsərlərdə mən daha çox ehtiyat gördüm. Mən isə cəsarət hiss etmək istəyirəm. Belə simpoziumlarda ən qeyri-adi, ağlasığmaz təcrübələr göstərilməlidir. Tarixdən də məlumdur ki, musiqini məhz belə cəsarətli eksperimentlər irəliyə aparıb. Burada peşəkarlıqdan çox danışıldı. Təbii ki, belə tədbirlərə peşəkarlar dəvət olunur. Bu, normadır, adi bir şeydir. Ancaq mən peşəkarlıqla bədii keyfiyyəti bir-birindən ayırmanın əleyhinəyəm. Bədii keyfiyyət özü peşəkarlığın nəticəsidir. Yadıma Xindemitin məşhur bənzətməsi düşdü. O deyirdi ki, hətta dəlləyə də musiqi yazmağı öyrətmək olar. Lakin dəlləyin musiqisi elə dəllək musiqisi olaraq qalacaq. Orada bədii keyfiyyətdən başqa hər şey olacaq. Bəstəkarla bu sənətə heç bir qabiliyyəti və istedadı olmayan insanın musiqisi arasında çox böyük fərq var. Bədii keyfiyyət yüksək peşəkarlığın sonuncudur. Bəstəkar musiqinin özü üçün yazır. Son nəticə isə yeni bədii keyfiyyət əldə etməkdir. Buna necə və hansı yolla nail olunur? Bu suala musiqişünas və bəstəkar cavab verə bilər. Dinləyici isə yeni nəticəni hiss edə bilər. Mənim gənclərə tövsiyyəm odur ki, bütün işlərinə ən yüksək, dünyəvi meyarlardan yanaşsınlar. Bizi musiqişünaslar burada tənqid etdilər ki, bəstəkarlar danışmaqdan, əsərlərə münasibət bildirməkdən çəkinirlər. Bu tamamilə haqlı iraddır. Bəstəkar öz mövqeyini müdafiə etməyi bacarmalıdır. Mahnı janrının problemlərinə gəldikdə isə, mən, öz təcrübəmə əsaslanaraq mətn məsələsinə toxunmaq istəyirəm. Azərbaycan dilini başqa Avropa və dünya dillərindən fərqləndirən cəhətlərdən biri də vurğu fərqləridir. Qərb dillərində vurğular, əsasən, sözlərin 1-ci və 2-ci hecalarına düşür. Şərq dillərində isə, əksinə, daha çox axırıncı hecalarda vurğular olur. Avropa musiqisi üslubunda işləyənlər bu problemlə daim üzləşirlər. Festivalda səslənən bir sıra mahnılarda mən də, Vasif müəllim də belə uyğunsuzluğu hiss etdik. Bu problemin çox sadə, rahat həlli var. Nöqtəli çərək notu səkkizliklə əvəz edirsən və heca yerinə düşür. Azərbaycan bəstəkarı belə hallarla daha tez-tez rastlaşır, nəinki ingilis bəstəkarı. Çünki dünyaya əyləncəli musiqisinin cərəyanları Avropadan gəlir və başqa millətin nümayəndəsi həmin üslubda mahnı bəstələrkən, mütləq dil fərqini nəzərə almalıdır. Adi danışıqda vurğular hara düşürsə, mahnıda da oraya düşməlidir. Bu, vokal musiqinin yazılmamış qanunudur. Bu ilki festivalda bir qisim gənc bəstəkarların müxtəlif janrlı əsərləri səsləndi. Bu əsərlər bizdə ümid yaradır ki, üzümüzə gələn 30-40 ildə Azərbaycanda bəstəkarlıq məktəbi ölməyəcək. Bu məktəbin sonrakı inkişafı, yeni nəslin himayəsi sizin üzərinizə düşür. Çünki bizim peşənin məhvindən xəbər verən həyəcanlı siqnallar var: bəstəkarlıqla ciddi məşğul olmaq istəyənlərin sayı Azərbaycanda ilbəil azalır. İndi bir mahnı yazıb efirə çıxmaq o qədər asanlaşıb ki, bunun üçün konservatoriya təhsili almağa ehtiyac yoxdur. Elə adamlara qəzetlərdə, efirdə bəstəkar, hətta tanınmış bəstəkar deyirlər ki, onların heç adi musiqi savadı yoxdur. Bütün bu hallara qarşı biz, yalnız öz keyfiyyətli, yüksək səviyyəli musiqimizlə cavab verə bilərik. Mahnını əldəqayırma "sənətçilərin" əlinə vermək olmaz. Bu, birmənalıdır. Tənqidə gəldikdə isə, onu heç kəs sevmir. Heç bir əsər tənqidin əsasında dəyişilməyib. Lakin sonrakı əsərlərində bəstəkar bunu nəzərə almalıdır.

Ümumilikdə, festivalda aldığım təəssürat kifayət qədər məndə nikbinlik hissi yaratdı. Hazırkı rəzalətin, səfalətin içində əgər bəstəkarlar öz peşələrini işlədib, ciddi musiqi bəstələyirlərsə, bunun özü bir qəhrəmanlıqdır. Vətən qarşısında bizim borcumuz əvvəlki nəsillərin ənənələrindən təkanlanaraq yeni yüksək zirvələr fəth etməkdir.

Qönçə ƏSƏDOVA, Gənclər və İdman
Nazirliyinin şöbə müdiri:

-Burada iştirak edən gənc bəstəkarların çoxunu mən əvvəlcədən də tanıyırdım. Keçən festival bizə bir çox yeni adlar tanıtdı və bu festivalda da mən istedadlı gənclərin yaradıcılığı ilə tanış oldum. Səslənən mahnılara münasibətimi bildirmək istərdim. Mən mütəxəssis deyiləm, lakin çox vaxt hiss edirəm ki, yeni bəstələnən mahnılarda fars musiqisinin böyük təsiri var. Əlbəttə, təsirdən qaçmaq olmur. Lakin istərdim ki, azəri musiqisi öz saflığını, təkrarolunmaz simasının saxlasın. Simpoziumun ümumi işində isə mən təşkilatı baxımdan daha konkretlik istərdim. Konkret proqramlar, ssenari olmalı idi. Belə tədbiri beynəlxalq miqyasda da keçirmək mümkündür. Bu, daha maraqlı və səmərəli olar.

Ramiz ZÖHRABOV, musiqişünas,
Azərbaycan Bəstəkarlar İttifaqının katibi:

-Festival barədə həm xoş, həm də tənqidi fikirlər söyləndi. Vasif Adıgözəlov, Cavanşir Quliyev öz dəyərli tövsiyyələrini verdilər. Çıxış edən musiqişünasların da, bəstəkarların da mülahizələrində əsas bir sual ortaya qoyulurdu. Gənc nəsil hansı yolla gedir? Bu yol düz yoldurmu? Və yaxud hansısa əyintilər var? İndi biz siyasi plüralizm dövründə yaşayırıq. Heç kəsdən tələbolunmur ki, müəyyən ideologiyaya uyğunlaşsın və bu ruhda əsər yazsın. Yalnız janrlar öz qüvvəsini itirmir. Onun hər birinin daxilində forma dəyişikliyi ola bilər, ancaq hər bir janrın öz qanunauyğunluqları var və onlara müəyyən qədər tabe olmaq gərəkdir. Bu ilki festival və simpozium kamera janrlarına və mahnılara həsr olunub. Onu da qeyd edim ki, əvvəlki festivallardan fərqli olaraq, bu dəfə canlı səsləndi. Bu da təbiidir. Çünki indi elə bir imkan yoxdur ki, çoxlu miqdarda ansamblları dəvət edəsən. Düzdür, yaxşı olardı ki, simfonik əsərlər canlı ifada təqdim olunsun. Burada bəzi müəlliflər, məsələn, Vüqar Camalzadə "Simfonik mənzərə"sinin klavir variantını ifa etdi. Yaxşı olardı ki, bu əsər canlı ifada olmasa da, lent yazısında simfonik orkestrin ifasında təqdim olunaydı. Bu zaman daha dolğun və dürüst təəssürat yaranardı. Bütövlükdə göstərilən əsərlərin keyfiyyətinə gəldikdə isə mən onlara "yaxşı" qiyməti qoyardım. Azərbaycan bəstəkarlıq məktəbinin səviyyəsi həmişə yüksək olub. Bu, artıq isbat olunmuş bir həqiqətdir. Yaxşı yadımdadır, bir neçə il bundan qabaq, Rusiya Bəstəkarlar İttifaqı bir tədbir keçirirdi və bizim təşkilatdan xahiş etmişdilər ki, 10 əsər seçib göndərək. Sonradan məlum oldu ki, əgər başqa respublikalarda bu tədbirdə çalışmağa 2 və ya 3 əsər layiq görülmüşdüsə, bizim musiqini 5 əsər təmsil edirdi. Elə açılış günü iki bəstəkarımızın əsəri səsləndi. Bu çox fərəhli bir hal idi. Deməli, Azərbaycan musiqisinin avtoriteti həmişə yüksək olmuşdur. Gənclərimiz bu ənənəni davam etdirməlidirlər.

Burada ən müxtəlif üslublu əsərlər dinlənildi. Bəzi gənclər artıq müəyyən janrlarda daha fəal işləyirlər. Məsələn, Nadir Əzimov konservatoriyanı bitirdikdən sonra əsasən, mahnı janrında yazıb-yaradır. Onun Respublika sarayında, hətta, ayrıca müəllif konserti də keçirilib. Əlbəttə, bütün mahnılar bərabər deyildi. Yaxşısı da var idi, qüsurlusu da. Lakin mahnıların fakturası, aranjemanı, intonasiya əsasında öz yolunu tapmaq meylləri aydın hiss olunurdu. Nadir Əzimov ifaçı probleminə də çox ciddi yanaşır. Bu dəfə də mahnılarını ən məşhur müğənnilərin ifasında bizə təqdim etdi. Brilyant Dadaşovanın çıxışı xüsusilə diqqəti cəlb etdi. Digər bəstəkarımız öz yaradıcılığı ilə Gəncəni təmsil edirdi. Məmməd Cəfərovu hamınız yaxşı tanıyırsınız. Yaxşı olardı ki, Məmməd yeni yazılmış əsərləri ilə belə tədbirlərdə çıxış etsin. Ceyhun Allahverdiyevin musiqisi çox gözəl təsir bağışladı. Biz ona böyük ümid bəsləyirik. Burada Lalə Cəfərova və Xədicə Zeynalova kamera əsərləri ilə çıxış etdilər. Düzdür, bunlar tələbə işləri idi, hələ müəllimlərin əli hiss olunurdu. Yaxşı olar ki, gələcəkdə öz müstəqil işləri ilə belə tədbirlərdə iştirak etsinlər. Yalçın Məlikov və Sevda Məmmədli də mahnılarını təqdim etmişdilər. Təəssüf ki, mən Yusif Mirişlinin və İlham Azmanlının əsərlərini eşidə bilmədim. Lakin buradakı çıxışlardan, rəylərdən belə məlum olur ki, bu əsərlər kifayət qədər maraqlı idi. Sərdar Fərəcov musiqi aləmində kifayət qədər tanınır, fəal işləyən bəstəkarlarımızdandır. Onun öz yolu, öz nəfəsi var. Hər bir janra, istər mahnı olsun, istərsə də simfonik musiqi, çox ciddi münasibət var. Belə ciddi və məsuliyyətli münasibət hər bir gəncin işində hiss olunmalıdır. Zənnimcə, çıxış edən musiqişünaslar aktual problemlərə toxundular. İntonasiya və janr sahəsində bəstəkarlarımızın axtarışları davam etməlidir.

Mən, fürsətdən istifadə edib, bütün iştirakçılara, bəstəkar və musiqişünaslara, ifaçılara Bəstəkarlar İttifaqı adından öz minnətdarlığımı bildirirəm. Ümidvaram ki, Gənclər və İdman Nazirliyinin böyük köməyi ilə bu festivallar gələcəkdə də təşkil olunacaq, bu gözəl ənənə davamedəcək.

[ more information... ]