XX ƏSRİN 20-30-CU İLLƏRİNDƏ AZƏRBAYCANDA MUSİQİ-TARİXİ PROSESLƏR HAQQINDA BƏZİ QEYDLƏR      
Fərəh ƏLİYEVA           
1   2     
English English
        
S. Hacibəyov.
Simfonic orkestr üçün konsert
S. Hacibəyov.
"Karvan"
simfonik lövhəsi
 

                Arxiv mənbələri tarixi proseslərin iştirakçıları olan musiqiçilərin kimliyini konkretləşdirməyə imkan verir. Separat inkişaf nəzəriyyəsinin yaradıcıları Aleksandr Ohanezaşvili və Bakıda hələ əsrin əvvəllərindən fəaliyyət göstərən rus musiqiçiləri – S.Paniyev, Nikolayev, Moroz, M.E. Popov, habelə bir çox muğam ifaçıları idi. A.Ohanezaşvili bu tendensiyanın ən fəal ifadəçisi, hətta ideoloqu adlandırıla bilər. 1920-ci ilin iyun ayında «Əxbar»ın səhifələrində o, bir neçə məqalə ilə çıxış etmiş, onun opponentləri Zülfüqar Hacıbəyov və Məmməd Səid Ordubadi olmuşlar. Xalq Maarif Komissarlığı tərəfindən Konservatoriya nəzdində, A.Ohanezaşvilinin rəhbərliyi ilə Şərq musiqiçiləri İttifaqının yaradılması ideyası Ü. Hacıbəyov, Z.Hacıbəyov, M.Maqomayev tərəfindən dəstəklənmir, İttifaq rəsmi qeydiyyatdan keçmir. Əsas məsələ isə milli musiqi alətlərində tətbiq olunacaq sistemin fərqliliyindən gedirdi. A.Ohanezaşvili və onun mövqeyinin tərəfdarlarının fikrincə «şərq musiqi alatını dəyişilməmiş bir surətdə saxlamaq və həmin alatı notalar ilə çalmaqdan ötrü kitablar hazırlamaq və bizə yetişən şərq muğamatını yazıb musinini nota ilə ifa etmək qaydasını musiqiçilər arasında nəşr etmək lazımdır; tainki bir nəğmə qanuni bir surətdə olaraq məktəblərdə, teatrlarda və evlərdə bir səs versin» (3). Konservatoriyada açılmış şərq musiqi bölməsində əsas mübahisə və kəskin fikir ayrılıqları da elə prinsipial xarakter daşıyırdı. Ohanezaşvili şərq musiqi alətlərini dəyişdirmədən saxlamaq, qeyri-temperasiya sistemini rəhbər tutaraq tədrisi təşkil etmək, Üzeyir Hacıbəyov isə tar alətində temperasiya sisteminin tətbiqi ilə tədrisin avropa sisteminə uyğunlaşdırmaqla aparılmasını təklif edirdi. Müzakirələr elə miqyas almışdı ki, M.S.Ordubadi bu məsələ ilə əlaqədar 1920-ci ilin iyulunda böyük məqalə ilə çıxış edərək yazırdı: «bir ay yarımdır ki, Vətənimizin yarısı əlifba və Şərq musiqisi məsaili ilə uğraşmaqdadır. Hətta bu günlər bizim qəzetə sütunlarına qədər əksəndaz olub ( rezonans doğurub – Ə.F.), həftələr ilə bir neçə sütunumuzu işğal elədi» (2). Z.Hacıbəyovun cavab və aydınlaşdırma məqsədilə yazdığı böyük bir məqalə hadisələrin əsl mahiyyətini üzə çıxarmağa imkan verir. «Şərq musiqi kursuna dair» məqaləsində əsas məsələ kimi milli musiqi alətlərində, habelə muğamların tədrisində not savadı və not dəqiqliyi imkanlarının istifadə olunması əsaslandırılır və bu sahədə xüsusi bir kitabın yazılmasının zəruriliyini bəyan edir : «Böylə ki, kitabın təlifi tar alətinin pərdələrini (bəndlərini) – ladı – «fortopyanoya rast edib» qamma və və ladalarını bir səsdə bərabərləşdirib ikmal etdikdən sonra hər bir pərdənin eşidilən səsini ayrı- ayrı nota ilə təyin etməlidir. Həmçinin kamança, zurna və qeyr alətlərin bu tərz üzrə ladaları bəlli olmalıdır.Bu üsul ilə musiqimizi öyrənmək istəyən bir şəxs təbiidir ki, döğru bir yol ilə «Segah», «Çahargah» və qeyri milli havacatımızın hanki pərdədə hanki nota ilə çalınmasını bilib, musiqimizin nə dərəcədə zəki və müqtədir olduğunu başa düşə biləcəkdir» (4). 1920-ci il iyulun 14-də keçirilmiş böyük bir iclasda hər iki mövqelər üzləşir. Ü.Hacıbəyova qarşı etikadan uzaq ittihamlar irəli sürməkdən çəkinməyən A.Ohanezaşvili öz platformasını qəbul etdirə bilmir.

        20-ci illərdə əsas məsələ azərbaycanlıların musiqi təhsilinə cəlb edilməsi idi. 20-ci illərin əvvəlində Bakıda Konservatoriya açılanda da vəziyyət dəyişmədi. Ü.Hacıbəyov bunu görür və yazırdı «Ümumi musiqi sənət təliminin Azərbaycan türkləri arasında nə qədər lazım və vacib olduğunu iqrar edərik... Bunun üçün Azərbaycanın paytaxtı olan Bakıda Konservatoriya deyilən ali musiqi məktəbi açılıbdır. Orada 7 minə qədər mütəəlim və mütəəllimələr şəhərimizin məşhur musiqi müəllimləri vasitəsilə musiqi sənətini öyrənməyə məşğuldurlar. Fəqət bu 7 min nəfər şagirdin ən cüzi qismini təşkil edən müsəlmanlardır» <a href="#1">(5, s. 202). Milli musiqi təhsilinin sözün məcazi deyil, əsl mənasında milli xarakter daşıması üçün təhsili rus dili, rus-Avropa modeli çərçivəsindən çıxarıb «Şərq musiqimizdən ibarət olan milli musiqimizin tərəqqisi yolunda elmi, fənni, nəzəri və əməli surətdə çalışmaq» (5, s.199) məcrasına yönəltmək işinin də təşəbbüskarı və dönməz icraçısı Üzeyirbəy Hacıbəyov oldu. Rus dilini bilməyən gənclər hətta qəzetə müraciət edirlər. «Cocuq şikayəti» adlı məqalədə konservatoriyaya qəbul edilmiş iki qardaş və bir bacı yazırdılar: «biz nə rusca biliriz, nə də müəllimələrimiz türkcə bilmiyorlar. Ona görə də bizə heç bir şey oyrədə bilmiyorlar. Demək ki, oxuya bilməyəcəyiz. Gərək mədrəsədən çıxaq. Yaxşı olardı ki, biz türk balalarından ötrü xüsusi bir musiqi şöbəsi açılaydı: orada da müəllim və müəllimələrimiz türkcə bilən türk müəllimləri olaydı... biz də böylə bir ali nemətdən məhrum olmayaydıq » (6). Məktuba Xalq Maarif komissarı Dadaş Bünyadzadənin cavab verməsi məsələnin doğrudan da böyük təşviş doğurmasından xəbər verirdi: «Hökumətin ali musiqi mədrəsəsində dərs verənlərin həpsi türkcə bilməyənlərdir. Çalışırıq ki, başqa idarələrimiz kimi buranı da milliləşdirək. Lakin nə edək ki, özümüzdən musiqi müəllimi hazırlamaq çox vaxt istəyor. Hər halda hələlik bir az da olsa ehtiyacatımızı dəf etmək üçün biz bir də Şərq ali musiqi mədrəsəsi açmışıq, bəlkə sizlər gedib orada təhsilə məşğul olasınız» (7), 1922-ci ildə konservatoriyada şərq bölümü ləğv edildi. Üzeyir Hacıbəyov buna qarşı kəskin etirazını bildirir. O yazırdı: «Avropa və Şərq konservatoriyalarını birləşdirmək, bir tərəfdən Şərq musiqisinə lazım olan xidməti əsirgəmək, digər tərəfdəndə musiqi sənətinə hamıdan çox ehtiyacı olan türk balalarının təhsilinə mümanəət göstərməkdir» (8). Üzeyir bəy Azərbaycan dilində tədrisin aparılması, azərbaycanlıların da ali musiqi təhsilində bərabərhüquqlu iştirakını təmin etmək üçün bazanın hazırlanması üçün Türk musiqi məktəbinin açılmasına nail olur. Məhz bu məktəbin yetirmələri sonradan konservatoriyaya daxil olaraq ilk ali təhsilli milli kadrlar kimi milli musiqi mədəniyyətinin müxtəlif sahələrində yeni yollarla inkişafı təmin etdilər.

        Sovet dövründə kütləvi maarifləndirmə siyasəti geniş xalq kütlələrinin dünya və rus mədəniyyəti ilə tanış etmək, rus mədəniyyətinin nümunə kimi bütün incəsənət sahələrində təbliğ edilməsi mütərəqqi tendensiya idi. Xalqı maarifləndirmək – Sovet quruluşunun əsas devizlərindən biri idi. Maarifçilik musiqi sahəsində məhz real texniki təminat, 1921-ci ildə Bakıda, Şərqdə ilk Konservatoriyalardan birinin, musiqi texnikumu, musiqi məktəblərinin açılması, rəngarəng repertuarlı, təbliğat konsertlərinin keçirilməsi, yeni ifaçılıq kollektivlərinin təşkili – bir sözlə, təhsil və ifaçılıq bazasının yaradılması və bu işin dövlət səviyyəsində milli siyasət kimi ardıcıl həyata keçirilməsində təzahür edir.

        Ədəbiyyat

2. M.S.Ordubadi. Biz tələsirik. // Əxbar, Bakı, 1920, 28 iyul

3. A. Ohanezaşvili. Müttəhid qüvvə ilə vahid yol seçməlidir // Əxbar, Bakı, 1920, 24 iyul

4. Z. Hacıbəyov . Sənaye-nəfisə və musiqi qismi. // Əxbar, Bakı, 1920, 26 iyun

5. Ü. Hacıbəyov . Vəzifeyi-musiqiyyəmizə aid məsələlər. . Əsərləri. II cild. Bakı: Azərb SSR Elmlər Akadem. Nəşr., 1965

6. B.Racibzadə. Cocuq şikayəti. «Kommunist» qəzeti, 1921, 10 mart

7. D.Bünyadzadə. Məktub. «Kommunist» qəzeti, 1921, 16 mart

8. Ü.Hacıbəyli. Konservatoriyaların birləşdirilməsinə dair. «Kommunist» qəzeti, 1922, 14 iyul


 
1   2  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site