Qənclərin yaradıcılıq forumu      
      
          
1   2   3   4   5  
make printcopy print copy

ənc bəstəkarların yaradıcılığına həsr olunmuş festival və simpoziumların keçirilməsi artıq ənənəyə çevrilmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının Gənclər və İdman Nazirliyi ilə birgə vaxtaşırı təşkil etdiyi bu cür tədbirlər musiqimizdə gedən prosesləri izləmək, gənclərin yaradıcılıq laboratoriyasına, axtarışlarına dərindən və ətraflı nəzər salmaq baxımından son dərəcə zəruri və təqdirəlayiqdir.

1999-cu ilin oktyabr ayında Zağulba istirahət zonasının "Gənclik Beynəlxalq mərkəzi"ndə 5 gün davam etmiş növbəti festival gənc Azərbaycan bəstəkarlarının ən müxtəlif janrlarda bəstələdiyi əsərləri dinləyicilərin mühakiməsinə verdi. İştirakçılar üçün yaradılmış gözəl şərait, yaxından ünsiyyət saxlayıb fikir mübadiləsi yürütmək imkanı bu tədbirin ən diqqətəlayiq cəhətlərindən biri idi. Beş gün ərzində konsert proqramlarında dinlənilmiş əsərlərin janr diapozonu kifayət qədər rəngarəng idi. Canlı ifa olunmuş bir sıra kamera-instrumental, kamera - vokal əsərləri, mahnılarla yanaşı, bəzi nümunələr lent yazısında təqdim olundu. Akademik janrlar fortepiano əsərləri - Məmməd Cəfərovun 2 prelüdü, İlham Abdullayev və Ceyhun Allahverdiyevin Sonataları, Xədicə Zeynalovanın Variasiyaları, İlham Azmanlının "Fərqli üslubda iki sonatası" ilə, kamera ansamblı Lalə Cəfərovanın Fortepiano və skripka üçün pyesi, Ceyhun Allahverdiyevin skripka və fortepiano üçün Sonatası, Yusif Mirişlinin violonçel və fortepiano üçün "İmpressio" əsəri ilə, kvartet janrı isə Lalə Cəfərovanın və Xədicə Zeynalovanın kvartetləri ilə təmsil olunmuşdu. Bundan başqa lent yazısında simfonik musiqi nümunələri - Yalçın Məlikovun estrada - simfonik orkestri üçün "Dünyaya pəncərə" pyesi, Sərdar Fərəcovun simli orkestr, arfa və fortepiano üçün Məleykə Hacıbəyovanın xatirəsinə "Oxunmamış layla" əsəri dinlənildi.

Festival gənc bəstəkarların kamera-vokal və mahnı janrındakı axtarışlarını da nümayiş etdirdi. Konsertlərdə Məmməd Cəfərovun "Həsrət" və "Vida" romansları (Nazim Hikmətin sözlərinə), Yunis İmrənin sözlərinə yazılmış mahnısı, Nadir Əzimovun, Günel Əlizadənin, Yalçın Məlikovun, Vüqar Camalzadənin, Elza Seyidcahanın, Sərdar Fərəcovun, Sevda Məmmədlinin, Azad Ozan Kərimlinin müxtəlif səpkili və üslublu mahnıları səsləndi.

Festivalın məziyyətlərindən biri onun işinə artıq yetkinləşmiş, öz qələmini ən müxtəlif janrlarda cəsarətlə sınamış gənclərlə yanaşı Bakı Musiqi Akademiyasının tələbə və aspirantlarının cəlb olunması idi. Sənətdə ilk kövrək addımlarını atan bu cavanlar üçün hazırki tədbir yaxşı sınaq imtahanı oldu.

Dinlənilən çoxsaylı əsərlər Festivalın son günü keçirilmiş simpoziumun əsas müzakirə mövzusuna çevrildi. Musiqimizin gələcəyi hansı istiqamətdə inkişaf edəcək? Onu hansı perspektivlər gözləyir? Gənclərin axtarışlarında gözəçarpan tendensiyalar hansılardır?

Bu suallara müəyyən qədər cavab verən simpoziumdakı çıxışları oxucularımızın nəzərinə çatdırırıq.

Vasif ADIGÖZƏLOV, bəstəkar,
Azərbaycan Bəstəkarlar İttifaqının Birinci katibi

-Azərbaycan Bəstəkarlar İttifaqının Gənclər və İdman Nazirliyi ilə müştərək keçirdiyi bu ilki festival və simpozium əhəmiyyətinə, masştabına görə çox dəyərli və lazımlı bir tədbir təəssüratı bağışladı. Biz, gənclərin yeni axtarışları ilə tanış olduq. Əlbəttə, çox istərdik ki, musiqinin daha çox janrlarını, xüsusən simfonik əsərləri də əhatə etmiş olaq. Təəssüf ki, hal-hazırkı zamanda bir çox problemlər, ilk növbədə, maddi vəsaitin çatışmazlığı belə tədbirlərə simfonik orkestri cəlb etməyə imkan vermir. Lakin biz gələcəkdə bu problemi, qismən olsa da, həll etmək niyyətindəyik. Çünki gənc bəstəkar öz simfonik əsərini yalnız təsəvvüründə deyil, canlı ifada da eşitməlidir. Bütün əsərlər çalınmaq üçün bəstələnir; əks təqdirdə simfonik janrların gələcək inkişafında boşluq, durğunluq yarana bilər. Belə ki, öz əsərini çaldıra bilməyən bəstəkar istər-istəməz bir daha simfonik janrlara müraciət etməyəcək. Bu isə, zənnimcə yolverilməzdir. Festival və simpoziumların böyük əhəmiyyəti bir də ondan ibarətdir ki, gənclər bir-birilə təmasda olub, yaxından ünsiyyət etmək imkanı qazanırlar. Belə tədbirlər əsil yaradıcılıq mənbəyidir. Şəxsən, mənim üçün dinlədiyim əsərlər, yeni bir aləm açdı. Mən daxilən bəhrələndim, yenilik ab-havası duydum. Yadıma Qara Qarayevin müəllimlik sənəti barədə dedikləri düşdü. Bilirsiniz ki, onun böyük şəxsiyyət kimi fəaliyyət dairəsi də son dərəcə geniş idi. Lakin başının çox qarışıq olmasına baxmayaraq Qara Qarayev müəllimlikdən heç vaxt əl çəkmirdi. Müəllimlik Sizi yormurmu? - sualına həmişə cavab verirdi ki, əksinə, mən ən çox dərs zamanı dincəlirəm. Bu sözlərdəki həqiqəti mən, vaxt ötdükcə daha çox anlayıram. Doğrudan da, gənclərlə təmas çox faydalıdır. Onların yaradıcılığı yeni bir keyfiyyətlə bağlıdır. Fürsətdən istifadə edib, mən cavanlara bir tövsiyyəni də çatdırmaq istərdim. Buna həm yaşım, həm də yaradıcılıq təcrübəm yol verir. Təvazökarlığı unutmayın və özünüzə qarşı çox tələbkar olun. Kiminsə yaradıcılığından, əsərindən xoşunuz gəlməsə də, ona höprmət etməyə borclusunuz. Çünki yaradıcılıq prosesi özü müqəddəs bir prosesdir və bir-birinizə nə qədər çox hörmət etsəniz, bir o qədər udmuş olarsınız.


 
1   2   3   4   5  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English Back to Home About site