AZƏRBAYCAN MUSİQİSİNİN         
TARİXİ YARANIR
       
  Ülkər TALIBZADƏ          
1   2   3   4  
  Ü. Talıbzadə
Azərbaycan musiqisinin tarixi yaranır

R. Zöhrabov
"Zülfi Adıgözəlov xatirələrdə"


  Ü. Talıbzadə
Azərbaycan musiqisinin tarixi yaranır

R. Zöhrabov
"Zülfi Adıgözəlov xatirələrdə"


        

Z.Səfərovanın monoqrafiyasının ən qiymətli cəhətlərindən biri də odur ki, burada musiqi nəzəriyyəsinin, musiqi estetik fikrinin demək olar ki, bütün problemləri tədqiq və təhlilə cəlb olunmuşdur. Səs /nəğamə/, lad, intervallar və onların münasibətləri, metro-ritmika, dissonantlığın səbəbləri, muğamlarda paralellik və transpozisiya, muğam dairələri, ladların və muğamların emosional tə'siri, musiqi və mətnin qarşılıqlı əlaqəsi və s. kimi problemlərə dair verilən hər bir yeni tarixi informasiya musiqişünaslığımızda çevriliş mə'nasını ala bilər.

Monoqrafiyada sırf elmi-nəzəri problemlərlə yanaşı maraqlı və zəngin faktiki materiala-cədvəllər, dairələr, sxemlər - onların açıqlanması və təhlilinə xüsusi yer ayrılmışdır. Urməvinin "Kitab əl-ədvar", "Şərəfiyyə" risalələrində olan ritm və lad dairələrinin, interval cədvəllərinin, ud alətinin simlərinin bölünmə cədvəllərinin, tetraxord dairələrinin açımı və təhlilini verməklə müəllif Azərbaycan musiqisinin nəzəri problemləri üzrə aparılan araşdırmalar üçün maraqlı tədqiqat materialı hazırlamışdır. Mir Möhsün Nəvvabın "Vüzuhül ərqam" risaləsində də olan cədvəllərdən biri müasir nota salınmış və oxucular XIX əsr musiqi nümunəsi ilə tanış olmaq imkanı əldə etmişlər.

Qeyd etmək lazımdır ki, monoqrafiyada orta əsrlərə məxsus musiqi materialı da verilmişdir. Z.Səfərova əsərin birinci hissəsində Urməvinin özünün yaratdığı "əbcəd" üsulu ilə nota saldığı dörd melodiyasının Qərb və Şərq alimlərinə məxsus açmalarını vermiş, eyni zamanda öz açma nümunələrini də təklif etmişdir. Bundan başqa tədqiqatda ilk dəfə olaraq M.ə.Marağainin musiqi əsərləri təqdim edilmiş, onların mətn və melodiyadlarının təhlili verilmişdir ki, bu da Azərbaycan musiqişünaslığı üçün, demək olar ki, yeni səhifədir. Monoqrafiyanın təqdimat mərasimində həmin musiqi əsərlərinin Məcnun Kərimovun rəhbərlik etdiyi Səfiəddin Urməvi (1) adına qədim musiqi alətləri dövlət ansamblının ifasında səsləndirilməsi isə xüsusi marağa səbəb oldu. Bu ifa əsərin praktiki əhəmiyyətinin parlaq təzahürü olub, onun aktuallığını bir daha sübuta yetirdi.

əsərin birinci hissəsi XIII əsrdə yaşayıb yaratmış, Şərqin görkəmli şəxsiyyətlərindən olan Azərbaycan mütəfəkkir alimi Səfiəddin Urməvinin həyat və yaradıcılığına, elmi irsinin təhlilinə həsr edilmişdir. Burada Urməvi məşhur alim, filosof, "Sistemçilik məktəbi"nin banisi, görkəmli bəstəkar, virtuoz ifaçı, "müğni" və "nüzhə" musiqi alətlərinin yaradıcısı kimi təqdim edilmişdir. Z.Səfərova göstərmişdir ki, Urməvinin elmi-nəzəri irsi və humanist estetikası təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərq musiqi-nəzəri fikrinin inkişafında mühüm rol oynamış və Urməvidən sonra ərəb, fars, türkdilli müəlliflərin, demək olar ki, hamısı onun sələfləri olmuşdur. Monoqrafiyada S.Urməvinin, "Kitab əl-ədvar" və "Şərəfiyyə" risalələri ilk dəfə orijinaldan tərcümə edilmiş və onların müfəssəl təhlili verilmişdir. Bu hissədə Z.Səfərova Urməvinin elmi irsinin ümumi xüsusiyyətnaməsini vermiş, risalələrdə qoyulmuş nəzəri, estetik problemləri araşdırmış, dünya musiqi tarixində oynadığı rolunu müəyyənləşdirmiş və Azərbaycan musiqişünaslığında onun yaradıcılığını təməl daşı, bünövrə kimi qiymətləndirmişdir. əsərdə Urməvinin apardığı nəzəri tədqiqatlar nəticəsində əldə etdiyi nailiyyətlər üzə çıxarılmışdır. Bu, ilk növbədə səs sisteminin nizamlanmasına aiddir. Alim özünün 17 pilləli səs qatarına əsaslanaraq, Şərqin 12 dairə və 6 avazının səs qatarını qurmuş və ilk dəfə musiqi nəzəriyyəsinə dar, dairə, dövr anlayışını gətirmişdir ki, bunlar da sonralar məqam, muğam mə'nasını almışlar.


 
1   2   3   4  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page English About site