REDAKTORDAN      
      
          
 
1  

Bəstəkarlarımızın simfoniyaları və başqa sanballı əsərləri, yaxud da musiqi araşdırıcılarımızın tutumlu elmi kitab və monoqrafiyaları indiyədək ancaq KİV yolu ilə ictimaiyyət tərəfindən tanınıb. Əlbəttə, əgər "səbəbkar" bunun "qayğısını" özü çəkirsə. Nəhayət, son zamanlar gündəlik çıxan dövrü mətbuatda musiqi sənəti qalmaqallı və, hətta rüsvayçı materialların mövzusuna çevrilib. Və bu materiallarda estrada "ulduzlarının" və hətta ölkəmizin xaricində tanınmış bəstəkarın - Azərbaycan Bəstəkarlar İttifaqı üzvünün adları hallanır. Əlbəttə, inandırıcı olmasa da, hər halda tanınmış musiqi sənətçisi də insandır və onun da şəxsiyyətində çatışmazlıqların yoxluğu mümkünsüzdür. Və, yəqin ki, bəstəkarlarımız və ifaçılarımızın yaradıcılıq gedişləri və yaradıcılığın gedişi və mahiyyəti, tənqidi yazıların keyfiyyəti və elmi səviyyəsi haqqında yüksək duyğulandırıcı düşüncələr açıqlamaq daha maraqlı olardı.

Biz hamını qarşısıalınmaz ekoloji faciəyə sürükləyən burulğana düşmüşük. Özü də musiqinin hər bir insanın və bəşəriyyətin özünüqoruma və özünüdağıtma fəaliyyətində iştirakı və yerini bilə-bilə. Biz (bir sıra humanitar təşkilatların inadla təsdiqlədiyi kimi) təbiətin ekologiyasını onun çapıb-talanması və dağıdılması, insanın ekologiyasını isə insan üçün rahatsız və, hətta, dözülməz şərait yaradılması ilə bağlayırıq. Çox yazıqlar olsun ki, insan ekologiyası işlənərkən mədəniyyət ancaq sözdə, "boğazdanyuxarı" nəzərə alınır, musiqini saya salan, adını çəkən belə tapılmır. Bu isə olduqca cəfəng və qəribədir, çünki musiqinin, ayrı-ayrılıqda hər bir insanın və bütövlükdə cəmiyyətin mə'nəvi və fiziki sağlamlığına tə'siri danılmaz və olduqca əhəmiyyətlidir, daha doğrusu, heç nə ilə müqayisə olunmazdır. Hələ lap ən əski zamanlardan insan ruhu və bədəninin müalicəsində musiqidən məqsədyönlü şəkildə faydalanmışlar.

Çağdaş, bugünkü Bakının Musiqi mühiti haqqında nə demək olar? Radioqəbuledicilərdən, televizorlardan, maqnitofonlardan, habelə çimərliklərdə, qatarlarda və təyyarələrdə, alver yerlərində saysız "səs mənbələrindən" bar-bar bağıran "səs məhsullarını" öyrənən, araşdıran varmı? Səsli bəd'heybət əcaibliklərin yığın-yığın qalaqlanması, əsil mədəniyyətin mə'nəvi dəyər kimi, mən deyərdim, bilərəkdən inadla və həyasızcasına gözdən və hörmətdən salınması, sonucda səs mühitinin üfunətli dərəcədə çirklənməsinə, musiqi anlamının səs-küy anlamı ilə əvəzlənməsinə gətirib çıxarır. Artıq bu oğrun-oğrun yaxınlaşan təhlükə deyil, bizə sırınmış ŞƏRİN özüdür!

Bəli, problemlərimiz çoxdur və saymaqla qurtarmaz. Lakin onlar həll edilə biləcək problemlərdir. Bu xeyirxah məqsədlə biz ilk növbədə dinləməyi, oxuyub düşünməyi, eşitdiklərimizi və yazılanları, nəhayət, biri-birmizi anlamağı bacarmalıyıq. Sadəcə olaraq düzgün başa düşüb anlamağı. Özü də heç kim və heç nə haqqında xəyala qapılmadan, bu, yaxud digər müəllifin kiminləsə "dostluğu", arxasında kiminsə durduğu, yaxud onun dünən "kiminlə çörək kəsdiyi" haqqında ara sözlərinə qulaq asmadan və fal açmadan... Bu işimizin ilkin, başlanğıc özülüdür. Və bu işdə prinsipiallıq və inandırıcılıqla yanaşı, diqqət və qayğıkeşlik gərəkdir. Və bu sadalananlar sizinlə bizim işbirliyimiz və sözbirliyimizdən asılıdır.

Beləliklə, "Musiqi dünyası"nın qapıları hamının üzünə taybatay açıqdır. Redaksiyamız Azərbaycan Musiqi mədəniyyətinin taleyinə, - istər əski, istər çağdaş olsun, - biganə olmayanları hamılıqla jurnalın biçimlənməsində və gələcək yaşamında fəal iştiraka də'vət edir. Bugünkü durumda, müstəqilliyimizin e'lan olunduğu və dövlətçilik atributlarının, - prezident, dövlət himni, bayrağı və dili, ordu və dövlət sərhədlərinin varlığı şəraitində musiqi (həm də qeyri-musiqi!) ictimaiyyətimizin birliyi və həmvətənlərimizin fəal dialoquna tələbat, fikrimizcə, heç də azalmayıb. Əksinə! Siyasət və iqtisadiyyatda qeyri-adi olaylar zəminində mədəniyyətin birləşdirici vəzifə daşıyıcılığı haqqında rə'y getdikcə daha artıq dəyərləndirilir. Mə'nəvi birliyimiz milli mədəniyyətimizi və onun ümumbəşəri mədəniyyətdə yerini daha dərindən, daha gözəl və məqsədyönlü duyub dərk etmək imkanı yaradır. Bu mə'nəvi birliyi, doğmalığı, yaxınlığı dərindən duyub anlamaq, bəşəriləşdirərək onun imkanlarını dolğunluğu ilə açıqlamaq üçün ilk növbədə qarşılıqlı maraq və xeyirxah məramlı ünsiyyət lazımdır. Gəlin, həqiqət aramaqda bir-birimizə arxa olaq. Gəlin xeyir və gözəlliyə doğru, sənət fədailiyində, sənət yanğısında öz mə'nəvi qüvvələrimizi birləşdirək.

Tariyel Məmmədov


 
1  
copyright by musiqi dunyasi 1999-2000© design by grArt 2000©
Next Page Previous Page Back to Home