AÇILMAMIŞ SƏHİFƏLƏR: :        
"ARŞIN MAL ALAN'LA BAĞLI        
BİR ƏHVALAT BARƏDƏ
       


Şirməmməd HÜSEYNOV           

917-ci il yanvarın 4-də M.ə.Rəsulzadənin nəşr etdiyi "Açıq söz" qəzetində birinci səhifədə belə bir e'lan dərc olunmuşdu: kinoteatr "Forum" (Bolşoy Morskoy küçəsi). yanvarın 3-dən göstəriləcəkdir: Qış fəslinin ən məşhur tamaşası "Arşın mal alan". Kinokomediya müsəlman artistlərinin ən məşhurlarının iştirakı ilə. Şəkil Bakı şəhərində götürülmüşdür". Yanvarın 6-da "Açıq söz", "Arşın mal alan şəkli" sərlövhəli yazı vermişdi. Orada deyilirdi: "Keçən gün yanvarın 3-də Bakıda olan kinomatoqraf teatrlarından "Bolşoy Morskoy" küçəsində olan "Forum" adlısında "Arşın mal alan" şəkli göstərilib, xeyli məxluq tamaşaçı cəlb edilmişdi.

İkinci gün tamaşaçıların ədədi əvvəlkindən dəxi çox olub basabas ilə bilet alınırdı ki, qəflətən bilet alanlara e'lan etdilər ki, bu axşam "Arşın mal alan" göstərilməyəcəkdir. Səbəbini də göstərdilər ki, guya haman şəkil yanıbdır.

Camaat mə'yus olub dağıldılar və teatro demək olar ki, lap boş keçdi.

Aldığımız mövsuq (mö'təbər) mə'lumata görə bu işin əsil həqiqəti belədir:

"Arşın mal alan" şәkli Üzeyirbәy Hacıbәyovun "Arşın mal alan" adlı operettasının mәzmunundan iqtibas edilib vә müsәnnifindәn (müәllifindәn) biizn (icazәsiz) şәklә salınıbdır.

Hacıbəyov qardaşlarının müdiriyyəti bu işdən xəbərdar olan kimi öz vəkilləri olan əlimərdanbəy Topçubaşov cənablarına müraciətlə şəklin qadağan etdirilməsini rica etmişlərdir.

Əlimərdanbəy dəxi Zülfüqarbəy və Üzeyirbəy Hacıbəyovlar ilə bərabər qorodonaçalnik Kovalyov cənablarının yanına gedib şəklin müsənnifindən biizn göstərilməsini bildirib qorodonaçalnikin əmri ilə şəkli saxlatdırmışdır".

Qeyd: böyük tədqiqatçı Qulam Məmmədli "Ü.Hacıbəyovun həyat və yaradıcılığının salnaməsi"ndə (B.1984,c.215) yuxarıda təsvir olunmuş əhvalatı "Yeni iqbal" qəzetindən iqtibas etmişdir. İnformasiya müəllif tərəfindən mə'lum səbəblər üzündən ixtisar və redaktə olunmuşdur. Məsələn, ə.Topçubaşovun adı çəkilmir, Üzeyirbəyin Kovalyovun yanına tək getdiyi yazılır və s.

Bu əhvalatla "Molla Nəsrəddin"də maraqlanmışdı. 1917-ci ilin fevralın 12-də "Açıq söz" qəzeti "Molla Nəsrəddin" jurnalının Tiflisdə "İki-üç il nigarançılıqdan sonra nəşr olunmağa başlaması" haqqında oxuculara mə'lumat verirdi. Jurnalda dərc olunmuş yazılar barədə maraqlı informasiyalar və qeydlər vardır.

Bakıda yanvarda "Arşın mal alan"la əlaqədar əhvalatlardan xəbər tutan "Molla Nəsrəddin"- jurnalın 16 fevral tarixli 2-ci nömrəsində Üzeyirbəyin bu məşhur operettası haqqında iri bir təhlili yazı dərc etmişdir. "Dəmdəməki" imzası ilə verilmiş bu mollanəsrəddinsayağı analitik yazı nədənsə tədqiqatçıların nəzərini bir o qədər də cəlb etməmişdir. Bu səbəblə onu Üzeyirbəy sənətini sevən və tədqiq edənlərin nəzərinə çatdırmaq istəyirik.

ARŞIN MAL ALAN

Amerikanın "Nyu-York" şəhərində çıxan bir qəzetə xəbər verir ki, Amerikanın teatrlarında da "Arşın mal alan" operettasını təzəlikdə oynamağa başlayıblar.

Bəndə bunu ərz edə bilər ki, altıaylıq səyahətimdə mən görürdüm ki, Aşqabaddan başlamış Daşkənddə, Orenburqda, Samara, Sarıtsın, Hacıtərxan, Petrovsk, Vladiqafqazda küçə və bazarda "Arşın mal alan"dan savayı özgə danışıq yoxdur. Bu şəhərlərin hər birində tramvay qulluqçularının işi-peşəsi vaqonların səkisinə dırmaşan çocuqları qovmaq idi. Bu haman çocuqlardı ki, qoltuqlarında "Arşın mal alan" kitabı çığırıb xalqı başdan-beyindən eləyirlər.

"Arşın mal alan, arşın mal alan!"

 

*   *   *

Hələ burada bir iş yoxdur; dünyada şöhrətli əsərlər çox olub, burada bir iş yoxdur. Bunu rəvayət eləmək mənim üçün bir elə xidmət deyil. Məhz qəzetə fəhləsinin işidir ki, gördüyünü və eşitdiyini yazsın.

Və lakin bizimtək həkimlərin (bilicilərin) təklifi dəxi də ali olmalıdır. Bizə borcdur hər şeyin künhünə (mahiyyətinə) əl uzatmaq, şərh vermək, təfsir etmək. Bizə lazımdır xalqa yetirmək ki, aya danışdığımız əsərin bu dərəcədə şöhrət tapmağının səbəbi nə olubdur?

Axır operetta yazmaq elə bir hünər deyil ki, deyəsən Üzeyirbəydən savayı heç bir kəsin əlindən gəlməz. Hazır "vurhavur"çular nəzərimizdədir. Keçən həftə "Açıq söz"də deyəsən oxudum ki, bu vaxtadək müsəlmanca dörd yüz operetta yazılıb.

Sözümüz burda deyil. .

Pəs "Arşın mal alan"da nə hikmət var ki, dünya və aləmi təngə gətirib.

Xidmət, əsl xidmət budur ki, həmin məsələni layiqincə həll edəsən.

*   *   *

Mən Bakıda olan vaxt fikrimə gələrdi ki, "Arşın mal alan"ın şöhrətinə bais məhz "Sarablı" cənablarıdır. Sonra gördüm ki, səhv eləyirəm, zira ki, Sarablı nə Amerikaya və nə Daşkəndə gedib və halon ki, oraların da "Arşın mal" teatrları camaat ilə ləbaləb (ağzınacan dolu) olurdu.

Əgər səbəb müsiqidədir, yə'ni birisi ola bilər fərmayiş etsin ki, "Arşın malın" musiqisi ləzzətlidir və artıq bir ustalıq ilə azalıb. Xub (yaxşı), məgər "Leyli və Məcnun"un musiqisi bundan aşağıdır.

Xeyr, bu da deyil!

Hətta mənim qulağıma bu qism söhbət də çatdı ki, "Arşın mal alan"ın şöhrətinə Bakıda Bazarnı küçədə arşın ilə mal satan Hacı İslam əmi bais olubdur və əhvalat da belə olub ki, bir gün kömpozitor cənabları Hacı əminin dükanına girib bilmirəm nə parça alırmış, deməginən Hacı İslam əmi də kəmhövsələ bir adamdı, bəlkə ağzı oruc imiş. Üzeyirbəyə qabaqkı parça xoş gəlməyib təvəqqe edib bir ayrı parça nişan versin, o və'də Hacı qeyzə gəlib (və necə də gəlməsin) arşını qalxızıb istəyib əziz müştərinin kəlləsinə yendirsin, Allah rast salıb bu heyndə qorodovoy özünü içəri soxub Hacının bazar günü dükan açmağına protokol yazıb (o gün voskresenye imiş) və axırda Üzeyirbəy də düşüb Hacıya sataşmaq üçün "Arşın mal" yazıb.

*   *   *

Mən doğrusu belə qanıram ki, bu sözlərin və bu bəyanatın əsli yoxdur: və belə bilirəm ki, "Arşın mal alan" operettasının mə'nası dəxi dərindədir: bu operettanı yazmaqda Üzeyirbəyin niyyəti təzə bir məsələyə əl vurmaqdır. O məsələ də budur ki, bir para cavanlarımız gedib dərslər oxuyub darülfünunlar qurtarıb qayıdıb gəlirlər Bakıya və burada eşidirlər ki, məsələn filan milyonçunun adını yazmaq bilməyən yetişmiş bir qızı var.

İndi nə tövr eləmək? Bir tərəfdən milyonun eşqi, bir tərəfdən də qızı görüb bəyənmək lazımdır. Həqiqətdə də təklif çox çətindir. Bir tərəfdən dövlət, bir tərəfdən də qızı axır nə tövr görmək: doğrudur, milyon olan yerdə çirkinlik, gözəllik yaddan çıxır, amma yenə də adam istəyir arxayın olsun ki, bari heç olmazsa gördüyü şil deyil.

İndi pəs nə eləmək? Milyonu əldən ötürmək olar! Tutaq ki, mən təzə darülfunun qurtarmışam, tutaq ki, istəsəm kasıb müsəlman müəllimələrindən özümə elə yoldaş tapa bilərəm ki, milyonçunun tərbiyəsiz qızını müftə versələr özümə layiq bilmərəm. Amma pəs milyona nə deyirsən? Milyon ilə ki, zarafat etmək olmaz. İndi müxtəsər söylə görüm nə deyirsən ey? Mən indi milyonçunun qızını necə görüm: üzü örtülü oturub evdə.

Sağ olsun Süleymanbəy: dəxi bundan savayı özgə bir çarəm yoxdur ki, özümü arşın malçı donuna salam.

"Arşın mal alan, arşın mal alan...", taxta, bafta, boxça - hey...".

Tutaq ki, əsgərbəy getdiyi yol ilə mən də gedib özümə yoldaş axtarsam, dəxi Gülçöhrədən ləyaqətli bir yoldaş tapmayacağam ki, keçə papaq arşın malçının məhz sifətinə uyub beş dəqiqənin içində ona övrət olmağa razı olur, və lakin bu əhvalatın dəxi də özgə bir mə'nası var. Gülçöhrənin atasına və anasına və cəmaətə mə'nəvi cavabı budur: "Siz ki, məni pərdə dalında saxlayırsınız ki, nə məni görən olsun və nə mən bir kəsi görüm, siz beləliklə məni keçə papaq arşın malçılara tay edirsiniz, o səbəbə ki, mən gördüyüm ancaq kömürçüdür, odunçudur, suçudur, zurna-qavalçıdır və arşın malçıdır, arşın malçı da bu saydıqlarımızın hamısına nisbət, yenə olardan ləyaqətlidir.

Budur "Arşın mal alan"ın ideyası.

Yə'ni, bağışla, mən belə qanıram. əgər sən özgə cür mə'na edirsən - buyur meydana.

Odur ki, mən bu operettanın məzmununa bələd olandan buyana nə vaxt ki, eşidirəm ki, bir nəfər cavan oxuyub sənət qurtarıb qayıdır öz islam vətəninə - mənim haman saat fikrimə gəlir ki, bu biçarənin də keçə papaq qoyub əsgərbəy fəndini işlətməkdən savayı dəxi bir özgə çarəsi yoxdur.

Amma di gəl ki, bu cavanın da "Sarablı" dərəcəsində qabiliyyəti olacaqmı ki, ağacların dalından boxca qoltuğunda və arşın əlində oxuya-oxuya Gülçöhrəni və onun yanındakı gül üzlü qızları heyran qoya..

Arşın mal alan... Arşın mal alan.

Budur "Arşın malın" "sirri", budur səbəb ki, arşın mal bu dərəcədə şöhrət tapıb, budur səbəb ki, erməni, gürcü, rus və amerikalı həmin əsərə nəhayət müştaqdırlar. Və bunun sirri, bunun hikməti və illəti burasındadır ki, arşın mal söhbəti düşən kimi hər bir kəsin yadına təzə ərsəyə gəlmiş darülfünün qurtarmış müsəlman cavanları düşür ki, Bakının neftli pullarına o cür uyurlar ki, özlərini arşın malçıya oxşatmağı da qəbul edirlər ki, əldən getməsin.

Əhvalat bu fərarilədir.

Pəs əzizim, mədəni millətlər Şərq aləminin asari-ətiqinə, əcaib və qərib işlərinə həmişə həris olublar və beləliklə də elm və fənn Avropada tərəqqi tapıb.

Dəmdəməki (Cəlil Məmmədquluzadə)

"Molla Nəsrəddin", 16 fevral, 1917, N2.